Əməkdar artist Suğra Bağırzadənin Milli.Az-a müsahibəsi.
- Suğra xanım, istərdim uşağlıq illərinizi birlikdə xatırlayaq. Nələr yadınızda qalıb?
- Biz ailədə 7 bacı, 1 qardaş olmuşuq. Qardaşım bir neçə ay olar ki, dünyasını dəyişib. Bacılarımın içində ortancılı mən idim. Məktəbdə oxuyanda direktor bizə "7 gözəl, Bəhram uşaq" deyirdi. Qardaşımın adı Məhərrəm idi, amma onu Bəhram uşaq çağırırdılar. Evdə anamdan güllərə xüsusi qayğı, diqqət görmüşəm. Yaşım az olsa da bir məqama həmişə diqqət edirdim. Anamın qulluq etdiyi dibçəklər çiçək açanda evdə həmişə əhval- ruhiyyə yaxşı olurdu.
- Siz hələ sənətə gəlməzdən öncə artıq "Cücələrim" mahnısı ilə tanınırdınız.
- Mən Əfsər Cavanşirovun rəhbərlik etdiyi xor dərnəyinə yeni gəlmişdim. Mən bu dərnəyə gələndə Əfsər müəllim "Cücələrim" mahnısını solo oxumaq üçün səs axtarırdı. Səsimi yoxlayandan sonra belə qərara gəldi ki, mahnını mən oxuyum. Mahnının ilk ifaçısı kimi mən tarixdə qaldım. Bundan sonra mənim üzümə daha bir uğur qapısı açıldı. 1959 cu ildə Moskvada 10 günlük Azərbaycan günləri keçirilirdi. Belə qərara gəldilər ki, uşaqları da həmin mötəbər tədbirə aparsınlar. Böyük teatrın səhnəsində mən "Cücələrim" mahnısını rus dilində oxuyub, rəqs etdim. Bu mənim həyatımda böyük dönüş nöqtəsi idi. Yaxşı səsim olduğuna görə mən artıq kinostudiyaya dublyaja da gedirdim. Təbii ki, bu da ətrafdakı uşaqların mənə qarşı qısqanclıq münasibətlərinin artmasına səbəb olmuşdu. Mən onlardan fərqlənsəm də, heç vaxt bunu biruzə vermirdim.
- Məktəbli bir qızın bütün vaxtını sənətə ayırması təbii ki, evdə yaxşı qarşılanan bir hal deyildi. Valideynləriniz sizi bu yoldan çəkindirmək istəyirdi?
- Atam nəinki mənə, bütün övladlarına belə bir şərt qoymuşdu ki, məktəbdə əla qiymətlərlə oxumasanız sizi nə gəzməyə aparacağam, nə də kinoya. Biz də atamın sözünə əməl edirdik. Məktəbdə oxuyanda gəlib məni kinostudiyada dublyaja aparırdılar. Dublyajda elə aktyorlarla işləmişəm ki, onları heç vaxt unuda bilmərəm.
- Kimləri xatırlayırsınız?
- İlk dəfə mən "Kor çalğıçı" filmində Ələsgər Ələkbərovun oğlu obrazının səsini səsləndirmişəm. Mən dublyaja gələndə Ələsgər müəllim soruşurdu ki, yemək yemisən, çay içmisən? Deyəndə ki, "yox yeməmişəm" o saat deyirdi ki, bu uşağa yemək verin, səsi sonra da yaza bilərik. Məktəbi bitirəndən sonra "Ulduz" filmində "Yetər" obrazına dəvət aldım. Kifayət qədər dublyaj təcrübəm olduğuna görə kameradan çəkinmirdim.
- Mən bilirəm ki, filmə dəvətinizin çox maraqlı tarixçəsi var.
- Filmlə bağlı hansı xatirələriniz var?
- İlk dəfə idi ki, atam məni rayonda çəkilişə buraxırdı. Mən elə gözəl insanların əhatəsinə düşmüşdüm ki, bunu nağıl kimi yada salıram. 3 ay Astarada, Lənkəranda çəkilişimiz oldu. Kinostudiyanın rəhbərliyi çox istəyirdi ki, məni Moskva Kinemotoqrafiya universitetinə göndərsinlər. Amma atam razı olmadı. Atamdan xahiş etdim ki, heç olmasa Bakıda İncəsənət universitetində oxuyum. Dedi ki, bizim nəsildə aktrisa yoxdur, sən də aktrisa yox, mühəndis olmalısan! Atamın sözünü yerə salmayıb kinonu atıb, sənədlərimi mühəndisliyə verdim. Artıq filmlərə çəkilmirdim, istəsəydim də çəkilə bilməzdim, çünki bütün günüm çertyoj çəkməklə keçirdi. Kinostudiyadan məni aktrisa kimi çəkilişə dəvət etmişdilər, dedim ki, məni mühəndis kimi işə götürün, aktrisa kimi yox.
- Filmlərdə az çəkildiyinizə görə peşmansınız?
- Əlimə fürsət düşsəydi daha çox çəkilərdim. Mən həqiqətən həyatımdan çox razıyam. Çox böyük rejissorlarla, aktyorlarla çalışmışam. Əlbəttə ki, çox çəkilmək istərdim, aktyorun bir işi var ki, onu seçirlər, o seçmir.
- Atanız sənətdə sizə dəstək olmadı, bəs ailə qurduğunuz həyat yoldaşınız necə?
- Baxmayaraq ki, onun bu sənətə aidiyyatı yox idi, amma o mənim sənətimə hörmət edirdi. Həyat yoldaşım sonradan mənə deyirdi ki, səni "Yetər" obrazında görəndən sonra özümə söz vermişdim ki, Bakıya gəlib, səni tapacağam. Sizə bir maraqlı faktı da deyim. Mən universitetdə işləyərkən illərlə gələcək həyat yoldaşımın evinin qapısından keçib getmişəm. Sonradan o evin gəlini olmuşam (gülür).
- Bu günkü gündə fəaliyyətinizi həm florist-rəssam, həm də aktrisa kimi davam etdirirsiniz. İşlərinizdən razısınız?
- Təbii ki, bir aktrisa kimi həmişə maraqlı obrazlarda çəkilmək istəyirəm. Elə bir obraz olsun ki, o tamaşaçıya nəsə deyə bilsin. Güllərə ikinci həyat vermək mənim uşaqlıq arzum idi. Əsərlərim mənə həm sakitlik, həm də gözəllik gətirir. Yaponlar deyir ki, hansı insan həyatını güllə bağlayırsa, o xoşbəxt insandır. Mənə bəzən deyirlər ki, niyə qocalmırsınız? Deyirəm ki, vaxtım yoxdur, nə vaxt vaxtım olsa onda qocalacağam (gülür). Məni yaşadan, cavan saxlayan ailəm və işlərimdir.