BMT-nin baş katibinin Yaponiyaya səfəri başlayıb

16:11 - 8 Avqust 2018 - DÜNYA

Avqustun 8-də BMT-nin baş katibi Antonio Quterreşin Yaponiyaya səfəri başlayıb.

Ucnoqta.az xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyindən AzərTac-a verilən məlumata görə, səfərin ilk günündə onun Baş nazir Şinzo Abe ilə görüşü keçirilib.

Görüşdə Şimali Koreyanın nüvə silahının ləğvi məsələsinin əsas müzakirə mövzusu olduğu bildirilir və qeyd olunur ki, hər iki tərəf Pxenyan bu istiqamətdə konkret addımlar atmayanadək BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş sanksiyaların davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Görüşdən sonra təşkil edilən mətbuat konfransında BMT-nin baş katibi bəyan edib ki, Şimali Koreyanın nüvə silahının ləğvi mərkəzi mövzu olaraq qalır. A.Quterreş, həmçinin qeyd edib ki, ABŞ ilə Şimali Koreya arasında danışıqları dəstəkləyir.

“Tam, nəzarət edilən və dönməz şəkildə nüvəsizləşdirmə nəticəsində Şimali Koreya beynəlxalq ictimaiyyətin normal üzvünə çevrilə bilər”, -deyə baş katib vurğulayıb.

Yaponiyanın Baş naziri Şinzo Abe öz növbəsində qeyd edib ki, onun ölkəsi zor gücünə saxlanan yapon vətəndaşlarının azad edilməsi, nüvə və raket proqramlarının dayandırılması üçün BMT ilə sıx əməkdaşlıq etmək niyyətindədir.

Xəbər verdiyimiz kimi, Antonio Quterreş Yaponiyaya Naqasaki şəhərinin atom bombardmanına həsr olunacaq tədbirlərdə iştirak etmək üçün gəlib. Yaponiyanın Baş naziri Şinzo Abe BMT-nin baş katibinin ilk dəfə Naqasakidəki tədbirlərə qatılmasını alqışladığını bildirib.

Xəbər xətti