2018-ci ilin 1-ci yarısında Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə 17 milyon tondan çox (təqribən 125 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 158 tankerə yüklənib.
BP-dən Trend-ə verilən məlumata görə, 1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2018-ci ilin 1-ci yarısının sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 399 milyon tondan artıq (2,99 milyard barel) xam neft nəql edilib və Ceyhanda 3916 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
2018-ci ilin 1-ci yarısı ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 61 milyon dollar, əsaslı xərclərə isə təqribən 13 milyon dollar xərclənib.
BTC Ko.-nun səhmdarları: BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Ekvinor (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.