Şahin Mustafayev Tacikistannın ölkəmizdəki səfiri ilə görüşüb
20:15 - 18 İyul 2018 - İQTİSADİYYAT
İqtisadiyyat naziri, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası komissiyanın həmsədri Şahin Mustafayev Tacikistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb.
Görüşdə qeyd edilib ki, Azərbaycan və Tacikistan ticarət, investisiya, nəqliyyat, tranzit, İKT, turizm, təhsil və digər sahələrdə uğurla əməkdaşlıq edir. Ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üzrə 45 sənəd imzalanıb. 2018-ci ilin birinci yarısında Azərbaycanla Tacikistan arasında ticarət dövriyyəsində əhəmiyyətli artım müşahidə olunub. Görüşdə hər iki ölkənin iş adamlarının iştirakı ilə birgə sərgi, forum, konfrans və digər tədbirlərin təşkilinin qarşılıqlı əlaqələrin inkişafında önəmi vurğulanıb.
Görüşdə Azərbaycan və Tacikistan arasındakı iqtisadi əlaqələrin hazırkı vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.