İyunun 1-də bir qrup iqtisadçı-ekspert və KİV nümayəndələri “Təmiz Şəhər” ASC tərəfindən reallaşdırılan layihələr və Balaxanı Sənaye Parkında görülən işlərlə əyani tanış olublar.
Olimpiya stadionunun yaxınlığında salınmış Böyükşor Bulvarı və Böyükşor gölündə görülən işlər barədə məlumat verən “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov qeyd edib ki, gölün bərpası layihəsinin 1-ci mərhələsində 300 hektar ərazi təmizlənib, neftlə çirklənmiş 2,8 mln. m3 dib çöküntüləri çıxarılıb, gölün kənarında 15 hektara yaxın ərazidə Böyükşor Parkı və Bulvarı salınaraq Bakı sakinlərinin istifadəsinə verilib. Layihə üzrə 2-ci mərhələnin layihələndirmə işlərinin iyul aynda yekunlaşması gözlənilir.
Qonaqlar həmçinin, Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunun hazırkı vəziyyəti ilə tanış olublar. Məlumat verilib ki, poliqonun yenidən qurulması işləri İqtisadiyyat Nazirliyi və Dünya Bankı tərəfindən reallaşdırılan “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində həyata keçirilib. Burada tullantılardan ayrılan çirkab sular filtrlər vasitəsilə süzülərək texniki suya çevrilir və poliqonun ərazisində əkilən ağacların suvarılmasında istifadə olunur. İndiyədək keçirilən yaşıllaşdırma aksiyaları zamanı 11 mindən çox ağac və bəzək kolu əkilib. Tullantılardan yığılan qazlar isə xüsusi generatorlar vasitəsilə elektrik enerjisinə çevrilir və bu enerji poliqonun ehtiyacları üçün istifadə olunur.
Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda iqtisadçı-ekspertlər və KİV nümayəndələrinə məlumat verilib ki, Zavod 2012-ci ildə Alman texnologiyası ilə inşa edilib və ildə 200 min ton tullantı çeşidləmək gücünə malikdir. Tullantılar çeşidləndikdən sonra təkrar emala yönləndirilir. Zavodda çeşidləmə zamanı tapılmış 1000-dən artıq müxtəlif növ sənəd toplanılaraq “Poçtap” layihəsi çərçivəsində “Azərpoçt” MMC-yə təhvil verilib. Maqnit separatoru vasitəsilə toplanan 400 kiloqramdan artıq qəpik isə “Təmiz Şəhər” ASC tərəfindən xeyriyyə aksiyaları üçün istifadə olunub.
Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda 170-dən artıq Balaxanı sakini daimi iş yeri ilə təmin olunub.
Bununla yanaşı, Qala qəsəbəsində yerləşən “Tullantıdan sənətə” muzeyinə virtual tur təşkil olunub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə yaradılan bu muzeydə “Tullantıdan sənətə” sərgilərində iştirak edən 36 ölkədən 140-dək sənət adamının yaratdığı əsərlər nümayiş olunur.
Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda olan qonaqlara bildirilib ki, ən sərt ekoloji tələblərə cavab verən və 4-cü nəsil texnologiyalarla inşa edilən bu Zavod il ərzində 500 min ton bərk məişət, 10 min ton tibbi tullantını utilizasiya etmək və 231,5 milyon kilovat-saat elektrik enerjisi hasil etmək gücünə malikdir. İl ərzində Zavodda əldə edilən enerji ilə 300 min nəfər əhalisi olan şəhəri elektrik enerjisi ilə təmin etmək mümkündür. Bununla yanaşı, tullantıların yandırılması nəticəsində yaranan dib külündən Balaxanı qəsəbəsində yolların əsaslı təmir-bərpa işlərində istifadə olunub.
İqtisadçı-ekspertlər və KİV nümayəndələri ölkəmizdə “yaşıl iqtisadiyyat”ın inkişaf etdirilməsi məqsədi ilə yaradılmış Balaxanı Sənaye Parkı ilə də tanış olublar. 2017-ci ildə istifadəyə verilmiş Balaxanı Sənaye Parkının hazırda 11 rezidenti var. Bunlardan 5-i artıq fəaliyyət göstərir. Rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə 32 milyon manat məbləğində investisiya yatırılıb. Sahibkarların marağı nəzərə alınaraq, Balaxanı Sənaye Parkının ərazisi 8,3 hektaradək genişləndirilib. Balaxanı Sənaye Parkında ilkin mərhələdə 400-ə yaxın daimi iş yeri yaradılıb.
Qonaqlara Balaxanı Sənaye Parkının rezidentləri barədə məlumat verilib.
Balaxanı Sənaye Parkının rezidentlərindən olan “Az.Ekol.” MMC plastik (PET) butulkaların təkrar emalından plastik qırıntıların istehsalı üzrə fəaliyyət göstərir. Layihənin ümumi investisiya məbləği 1,5 milyon manat təşkil edir. İllik istehsal gücü 2400 tondur. İstehsal sahəsində 30-dan çox daimi iş yeri açılıb.
“Ekokat” MMC işlənmiş mühərrik yağlarının emalı üzrə fəaliyyət göstərir. İnvestisiya qoyuluşu 1 milyon manat təşkil edən müəssisənin illik istehsal gücü 3000 tondur. Artıq rezident tərəfindən işlənmiş mühərrik yağlarının toplanması və tədarükü üçün müqavilələrin bağlanmasına başlanılıb. Layihə çərçivəsində 20-ə yaxın daimi iş yeri yaradılıb.
Sənaye Parkının digər rezidenti, fərdi sahibkar Eminov Etibar tullantı kağızlardan istifadə etməklə çap-poliqrafiya məhsulları istehsal edir. Ümumi investisiya məbləği 1 milyon manat təşkil edir. İllik istehsal gücü 348 tondur. İstehsal sahəsində 15-dən çox daimi iş yeri yaradılıb.
Balaxanı Sənaye Parkının daha bir rezidenti “METAK” MMC tullantı-plastik məmulatların təkrar emalı nəticəsində müxtəlif plastik qablaşdırma məhsullarının istehsalı ilə məşğul olur. Layihənin ümumi investisiya dəyəri 17 mln. manat, illik istehsal gücü 12 min tondur. İstehsal sahəsində 140-dan çox daimi iş yeri açılıb.
Parkın rezidenti “FORİELLA” MMC süngər tullantılarının təkrar emalı və mebel istehsalı üzrə fəaliyyət göstərir. Ümumi investisiya məbləği 3,5 milyon manat olan müəssisənin illik istehsal gücü 100 min ədəd stul, 10 min masa təşkil edir. Müəssisədə 150 nəfər daimi işlə təmin olunub.
Balaxanı Sənaye Parkının digər 6 rezidentinin (polietilen və polipropilen tullantılarının təkrar emalı, yapışqan lent, biodizel üçün xammal, kömür (aktiv kömür), gübrə və yem, plastik tor, meyvə-tərəvəz üçün qablaşdırma məmulatları istehsalı sahələri) yaxın zamanlarda fəaliyyətə başlayacağı haqqında məlumat verilib.
Məlumat turu zamanı qonaqları maraqlandıran suallar cavablandırılıb.