“Bu, sadəcə olaraq, bölgədəki sabitliyin artmasına yarayar”.
“Report” CNNTurk-ə istinadən xəbər verir ki, bunu Suriyadakı rejimin başçısı Bəşşar Əsəd İranın ali rəhbəri, ayətullah Seyid Əli Xaməneinin müşaviri Əliəkbər Vilayəti ilə birlikdə keçirdiyi mətbuat konfransında ABŞ, Britaniya və Fransanın ehtimal olunan hücumunu şərh edərkən bildirib.
“Qazandığımız hər qələbə ilə birlikdə bəzi Qərb dövlətlərinin də səsi yüksəlməyə başlayır. Onların hadisələrin gedişatını dəyişmək istiqamətində fəaliyyəti artır. Bu səslər və ya istənilən müdaxilə beynəlxalq sülh və təhlükəsizliyi təhdid edəcək. Bölgədə sabitliyin pozulmasından artıq bir işə yaramayacaq”, - vurğulayıb.
Ə.Vilayəti isə Şərqi Gutada kiməyəvi silahdan istifadə ilə bağlı bunları deyib: “Suriyadakı hakimiyyət (Bəşşar Əsəd rejimini nəzərdə tutur – “Report”) qüvvələrinin Şərqi Gutanı qurtardıqdan sonra uydurulan yalanlardır”.
Xatırladaq ki, aprelin 8-də müxalifət qüvvələrinin nəzarəti altında olan Şərqi Guta bölgəsindəki Duma rayonunda kimyəvi silahdan istifadə edilib. Kimyəvi hücum nəticəsində 75 nəfər ölüb, 1000-dən çox adam zəhərlənib. Zərərçəkənlərin çoxunun körpə və azyaşlı uşaqlar olduğu bildirilib.
ABŞ başda olmaqla, Qərb dövlətləri bu cinayəti Bəşşar Əsəd rejiminin törətdiyini bəyan ediblər. Donald Tramp bu hava zərbəsinin cavabsız qalmayacağını bildirib.