Beynəlxalq “Ahıska qızları” qabiliyyət yarışmasına start verilib
00:16 - 27 Mart 2018 - Xəbər
Martın 26-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında V Beynəlxalq “Ahıska qızları” qabiliyyət yarışmasına start verilib.
Yarışma Bakıda Dünya Ahıska Türkləri Birliyi (DATÜB), Azərbaycanda yaşayan Ahıska Türkləri “Vətən” İctimai Birliyi və Qazaxıstan “Ahıskalı Qadınlar” İctimai Birliyi tərəfindən təşkil olunub.
Tədbirdə çıxış edən Dünya Axıska Türkləri Birliyinin rəhbəri Ziyatdin Kassanov bildirib ki, yarışmaya Azərbaycan başda olmaqla, Rusiya, Qazaxıstan, Türkiyə, Qırğızıstan, Ukrayna və Gürcüstanda yaşayan ahıska türkləri qatılıb. Yarışmanın proqramına şeir oxuma, “Mən bir ulduzam” mahnı və rəqs nümayişi, intellektual turnir, türk xalqlarının atalar sözləri və folklor nümunələrinin təqdimatı və “Şərqin incisi” moda nümayişi kimi mövzular daxildir.
Z.Kassanov həmçinin Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ilə bağlı ölkəmizdə yaşayan ahıska türklərinə müraciət edib. Bildirib ki, ahıskalılar 11 aprel seçkilər günü aktiv olsunlar və hazırki prezident İlham Əliyevə öz dəstəklərini göstərsinlər.
Sonra Milli Məclisin deputatı Adil Əliyev çıxış edərək yarışmanın əhəmiyyətindən danışıb. Bildirib ölkəmizdə belə bir tədbirin keçirilməsi dünyada yaşayan ahıska türklərinin bir araya gəlməsi baxımından əlamətdardır.
Qeyd edək ki, müsabiqədə həm müasir üslublu geyimlər, həm də milli geyimlər nümayiş etdiriləcək. Müsabiqənin hər bir mərhələsində iştirakçının perfomansı üç dəqiqədir.
Müsabiqə ərzində iştirakçının bacarıqlarını qiymətləndirərkən, bədii oxu və bədii mətnin seçilməsinin orijinallığı nəzərə alınacaq.
Müsabiqənin qalibləri Dünya Ahıska Türkləri Birliyi və Qazaxıstan “Ahıskalı Qadınlar” İctimai Birliyi tərəfindən diplom və qiymətli mükafatlarla təltif olunacaqlar.