Millət vəkili Qənirə Paşayeva "İşğal olunmuş ərazilər haqqında" qanun layihəsinin hazırlanması və qəbul olunması təklifi ilə çıxış edib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, millət vəkili bu təklifini parlamentin yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı irəli sürüb:
O, qeyd edib ki, belə bir qanuna ciddi ehtiyac var: "Cünki Azərbaycanın işğal olunmuş ərazilərinə, etirazlarımıza baxmayaraq, hələ də qanunsuz səfərlə edilir, Azərbaycandan icazə alınmır. Bu səfərləri edənlərin çoxu da Qarabağ münaqişəsinin həlini öz üzərinə götürən ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin təmsilçiləridir. Ona görə də belə qanunsuz səfərlərin qarşısını almaq məqsədi ilə işğal olunmuş ərazilər haqqında qanun layihəsinin hazırlanması və qəbuluna ciddi ehtiyac var. Biz, nəhayət, belə bir qanunu qəbul etməliyik".
O həmçinin bu yaxınlarda İraqdakı Azərbaycan səfirliyində olarkən İraq yetimxanalarında saxlanılan uşaqlarla da görüşdüyünü deyib: “Həmin yetimxanalarda azərbaycanlı uşaqlar da var. Onların ölkəyə gətirilməsinə çalışmaq lazımdır. Həmin uşaqların valideynlərinin beyinləri İŞİD terror qruplaşması tərəfindən yuyulub və onlar öz övladlarını atıblar”.
Onun sözlərinə görə bu yaxınlarda 20 Yanvar faciəsinin ildönümü qeyd edildi: “Ölkəmizə çoxlu turistlər gəlir. Yaxşı olardı ki, Şəhidlər Xiyabanında bələdçi qoyulsun ki, onlar bu faciə barədə turistlərə məlumat verə bilsinlər. Çünki orada ingilis dilində lövhə də yoxdur”.