Azərbaycanda qışın oğlan çağı - KİÇİK ÇİLLƏ başladı

10:04 - 1 Fevral 2018 - Xəbər

Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, yanvarın 31-dən fevralın 1-nə keçən gecədən Azərbaycan ərazisində qışın oğlan çağı – kiçik çillə başlayıb.

"Ucnoqta.az" Modern.az-a istinadən bildirir ki, bu təqvimlə qışın oğlan çağı – kiçik çillə fevralın 20-dək davam edəcək. Fevralın 20-də isə kiçik çillə çıxıb, öz yerini “boz ay”a verəcək.

Kiçik çillə adətən şaxtası, sazağı, qarı-çovğunu ilə fərqlənir. Amma bu il Azərbaycan ərazisində, o cümlədən Bakıda havalar hələ ki mülayim keçir.

Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün boz ay adlanır. 

Xalq təqvimi ilə dekabrın 21-dən yanvarın 31-dək böyük çillə, yanvarın 31-dən fevralın  20-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir. 

Martın 20-də daha bir təbiət hadisəsi - yaz gecə-gündüz bərabərliyi baş verəcək və bahar fəsli başlayacaq. 

Yeri gəlmişkən, bu il Novruz çərşənbələrinin vaxtı da məlumdur. Belə ki, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, fevralın 27-də Su, martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə Torpaq çərşənbəsi qeyd olunacaq. B u il axırıncı çərşənbə baharın gəlişi ilə eyni günə təsadüf edəcək.
Yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.

Beləliklə, bu gündən qışın oğlan çağı – kiçik çilləni yaşayırıq. Dədə-babalarımız həmişə bu təqvimə uyğun davranıblar...

Xəbər xətti