Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək XXIII Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin tərkibi və bayraqdar müəyyənləşib.
"Ucnoqta.az" xəbər verir ki, bu barədə "Report"a Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq əlaqələr idarəsinin müdiri və Azərbaycanın şef de-missionu Anar Bağırov məlumat verib.
Onun sözlərinə görə, fevralın 9-da start götürəcək olimpiadanın Açılış mərasimində bayraqdar funksiyasını ölkənin yeganə təmsilçisi Patrik Braxner yerinə yetirəcək. Braxner slalom və böyük slalom yarışlarına qatılacaq.
A.Bağırov bildirib ki, əvvəlki qış olimpiadalarında nümayəndə heyətinin istənilən üzvü bayrağı daşımaq imkanına malik olub. Amma bu dəfə Beynəlxalq Olimpiya Komitəsi ölkə bayrağını yalnız idmançının daşımalı olduğuna dair tələb irəli sürüb. Ona görə də bu missiyanı elə avstriyalı legionerin özü yerinə yetirməli olacaq.
Nümayəndə heyətində isə, ümumilikdə, 11 nəfər, o cümlədən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Nazirliyin İdman şöbəsinin müdiri Fərid Mansurov, Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti Rauf Xəlilov yer alacaq.
Braxner ardıcıl ikinci olimpiadada Azərbaycanı təmsil edəcək. O, 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında da iştirak edib. Həmin vaxt böyük slalom növündə 53-cü yeri tutmuş Braxner slalomçuların mübarizəsində finişə çata bilməyib.
Qeyd edək ki, ümumilikdə, 2500 idmançının qatılacağı "Pxençxan-2018"ə fevralın 25-də yekun vurulacaq.