“Hamı “Qarabağ”ın hərəkətini alqışladı” - Rusiya klubunun çalışdırıcısı

10:52 - 18 Yanvar 2018 - İDMAN

“Çox maraqlı oyun alındı. Çempionlar Liqasının iştirakçısı ilə oynadığımız üçün şanslıyıq. Təbii ki, az da olsa, fərq hiss olunurdu”.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”la yoxlama oyunundan (2:2) sonra “Kuban”ın baş məşqçisi Yevgeni Kaleşin deyib. Klubun rəsmi televiziyasına danışan 39 yaşlı mütəxəssis qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
 
“İlk hissədə “Qarabağ” daha sürətli və yüksək səviyyəli oyun sərgilədi. İkinci hissədə isə hər iki komanda heyətdə müəyyən dəyişikliklər etdi. Nəticədə açıq futbol getdi. Penaltidən, eyni zamanda cərimə zərbəsindən baxımlı qollar vurduq. Təəssüf ki, müdafiədə səhv edib, rəqibin fərqlənməsinə şərait yaratdıq. Hər iki hissəni nəzərə alsaq, nəticəni ədalətli hesab etmək olar. Futbolçularımız qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bildilər. Komanda şəklində oynadılar və rəqibin qapımız qarşısında ciddi təhlükələr yaratmasına imkan vermədilər. Düzdür, bizim də hücumda çox şanslarımız olmadı. Amma nəzərə alaq ki, bu, yeni ildə ilk oyunumuz idi. “Atletiko”ya uduzmayan və onların Çempionlar Liqasında 1/8 finala çıxmasına icazə verməyən komandaya qarşı oynamaq xoş oldu”.

 
Kaleşin matçın 40-cı dəqiqəsində hakimin yanlış təyin etdiyi penaltini bilərəkdən kənara vuran “Qarabağ”ın hücumçusu Mahir Mədətovun hərəkətinə də münasibət bildirib:
 
“Belə hallarla tez-tez qarşılaşmırıq. Bu, “Qarabağ”ın səviyyəsindən, futbol anlayışından, qaydaları yaxşı bilməsindən və rəqibə hörmət etməsindən xəbər verir. Özünüz də gördünüz, bütün stadion, hətta bizim məşqçilər korpusu da onların bu hərəkətini alqışladı”.

Xəbər xətti