“İki oyunçumuz və baş məşqçimiz Azərbaycana gedə bilər” - “Beşiktaş” prezidenti

13:42 - 15 Yanvar 2018 - İDMAN

“Beşiktaş”ın prezidenti Fikrət Orman Türkiyə mətbuatına danışıb.

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, klub rəhbəri Azərbaycanla bağlı da bir sıra məqamlara aydınlıq gətirib. 
 

Orman ölkəmizdəki “Beşiktaş” fanatları üçün müəyyən işlər görmək istədiklərini bildirib: “Azərbaycan, İndoneziya, Malayziya, Dubay, Misir, Əlcəzairdə bir sıra işlər görmək niyyətindəyik. Bu ölkələrdəki fanatlarımızı düşünürük. Bunu həm onlar, həm də “Beşiktaş” üçün edirik”.
 

Klub rəhbəri Bakı Olimpiya Stadionu üzərində UEFA Çempionlar Liqasının qrup mərhələsini lider kimi başa vurduqdan sonra “Come to Besiktas” yazılmasına münasibətini açıqlayıb: “Azərbaycandakı stadionun üzərində “Come to Besiktas” yazılması böyük addım idi. Pozitiv reaksiyalar gəldi və sloqanımız çox məşhur oldu. Bu bütün dünyada önəmli bir layihə halına gəldi. 1,2 milyard insana çatdırdıq”.
 

İstanbul klubunun prezidenti “Beşiktaş” atributları üçün xüsusi bazar yaradacaqlarını deyib: “Bazarda üstünlük qazanmaq üçün 1 milyon dollar xərcləyəcəyik. Xüsusilə, Azərbaycanda çox həyəcanlanacağımız bir bazardır. Gələn ay orada insanların cəm şəkildə matçlarımızı seyr edə biləcəyini mağaza açılacaq. Həmin mağazanın açılışı üçün iki oyunçumuzu və baş məşqçimizi də Bakıya apara bilərik”.

 

O, “Qarabağ”la mümkün yoldaşlıq görüşü barədə də məlumat verib: “Azərbaycana yığmaların oyunları zamanı çempionatda yaranmış fasilədə getməyi planlaşdırırıq. Təəssüf ki, həmin vaxt futbolçuların milli komandaya cəlb olunması arzumuzun reallaşmasına mane olur. Fikrimiz qətidi, yaxın zamanlarda bu görüşün baş tuaracağına inanırıq”.

Xəbər xətti