Dünyanın ən nüfuzlu konfransına məqalə yazmaq istəyənlərə ŞAD XƏBƏR

13:31 - 9 Yanvar 2018 - Xəbər

Avropanın və dünyanın mötəbər mədəniyyət və idman tədbirlərinə ev sahibliyinə öyrəşdiyimiz Bakı şəhərində bu dəfə dünyanın avtomatika üzrə ən nüfuzlu təşkilatı olan IFAC-in (ay-fek-in) Avtomatik Nəzarət üzrə Beynəlxalq Federasiyanın (IFAC – International Federation of Automatic Control) dəstəyilə ilk dəfə olaraq 13-15 Sentyabr 2018-ci il tarixlərində Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik mövzusu üzrə 18-ci IFAC beynəlxalq konfransı - TECIS (Technology, Culture and International Stability – Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik) keçiriləcəkdir.

IFAC 12 sentyabr 1957-ci il tarixində Parisdə təsis edilmişdir. 1978-ci ildən IFAC təşkilatının katibliyi Avstriya hokumətinin dəvəti ilə Laksenburg şəhərinə köçürülmüş və fəaliyyətini bu günə qədər orada davam etdirir. IFAC çoxmilli bir federasiyadır və 49 ölkədən avtomatik idarəetmə üzrə mühəndislik və elmi cəmiyyətləri təmsil edən milli üzv təşkilatları özündə birləşdirir.
Federasiyanın əsas məqsədi bütün sistemlərdə (məsələn, mühəndislik, fizika, biologiya, sosial yaxud iqtisadi sistemlər) nəzəri və tətbiqi cəhətdən idarəetmənin elmini və texnologiyasını təşviq etməkdir. IFAC müxtəlif ölkələrin avtomatlaşdırılmış idarəetmə və mühəndislik üzrə təşkilatlarını bir-biriləri ilə əlaqələndirir və həmin təşkilatların mütəxəssisləri arasında ideyaların sərbəst mübadiləsini təmin edir.

IFAC öz məqsədlərini beynəlxalq konfranslar, nəşrlər və digər vasitələrlə həyata keçirir. Federasiya il ərzində onlarla beynəlxalq sərgi, konfrans və seminarlar təşkil edir. Belə bir mötəbər tədbir bu regionda ilk dəfə lider ölkə olan Azərbaycanda keçiriləcək.
IFAC-in strukturundakı ilk komitələrindən biri olan TECIS texniki komitəsi 1983-cü ildən fəaliyyətdədir. Komitə həmin ildən etibarən dünyanın bir çox ölkələrində artıq 17 beynəlxalq konfrans kecirib.
TECIS 2018 Beynəlxalq konfransının təşkilində IFAC-in Azərbaycandan tərəfdaşı - konfransın əsas təşkilatçılarından biri “Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” (Azerbaijan Robotics and Automation Society - ARAS) İctimai Birliyi fəal iştirak edir. Azərbaycanda bu sahə üzrə ilk qeyri-hökumət təşkilatı olan ARAS 2017-ci ildə təsis edilmiş və Azərbaycanın yeganə IFAC üzvlüyünə namizəd təşkilatdır.
Konfransın keçirilməsində əsas məqsəd texnologiya, mədəniyyət və beynəlxalq sabitlik sahəsi üzrə yeni tədqiqat nəticələrini təqdim etmək və ideya-təcrübə mübadiləsi aparmaq üçün sənaye və akademiya sahəsində tədqiqatçı alimləri və peşəkarları bir araya gətirməkdir.
Konfrans üçün nəzərdə tutulan mövzular çoxşaxəli və aktualdır. Belə ki, mövzular bir çox sahələri və mühüm problemləri əhatə edir. Konfransın mövzuları avtomatik idarəetmənin texnika, iqtisadiyyat, tibb, sosial həyat və siyasət ilə əlaqəsini özündə əks etdirir. Misal olaraq, “Sabitliyin yaxşılaşdırılmasında İdarəetmə və Avtomatlaşdırma”, “Sabitliyi yaxşılaşdırmaq üçün texnoloji dəyişikliyin təqdimatının idarə edilməsi”, “Post-münaqişə regionlarında texnologiya, İnnovasiya idarəetməsi”, “Kiçik və orta sahibkarlıq üzrə avtomatlaşdırma”, “Mexatronik sistemlər və robotlar” və “Bio-tibbi sistemlər” kimi mövzular müasir dövrümüzdə çox aktualdır.

Konfransa məqalələrin qəbulu üçün artıq ilk çağırış edilmişdir. Son illərdə texnika və texnologiyanın inkişafı beynəlxalq sabitlikdə mühüm dəyişikliklərə gətirib çıxarmışdır. Bu mötəbər beynəlxalq elm-texnologiya tədbirinin Azərbaycanlı təşkilatçılarından olan ARAS (Azerbaijan Robotics and Automation Society - ARAS) inanır ki, belə tədbirləri Azərbaycana gətirib beynəlxalq təcrübələri bölüşmək, o cümlədən nüfuzlu dairələrin marağını Azərbaycana cəlb etmək Azərbaycanın qeyri-neft sektorunun inkişafı üçün son dərəcə əhəmiyyətlidir.
TECIS 2018 Beynəlxaq Konfransında dünyanın bir çox ölkələrindən alimlər, mütəxəssislər və tələbələr bir yerə toplaşacaq, müxtəlif mövzular üzrə məqalələrini təqdim edəcək və eyni zamanda, son illər sürətlə inkişaf edən ölkəmizlə və paytaxt Bakı şəhəri ilə yaxından tanış olacaqlar.

Qeyd edək ki, Konfransın təşkilatçıları - Avtomatik İdarəetmə üzrə Beynəlxalq Federasiya (IFAC), IFAC TC 9.5 Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik Komitəsi, Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti (ARAS) və Vyana Texnologiya Universitetidir (IHRT). Konfransın texniki dəstəkçiləri IFAC təşkilatının müvafiq texniki komitələridir (texniki komitələr barədə - daha ətraflı www.ifac-control.org saytından məlumat əldə etmək mümkündür). Səyahət ilə bağlı dəstək “PASHA Travel” şirkəti tərəfindən həyata keçirilir. Tədbirin sponsorları - Avtomatik İdarəetmə üzrə Beynəlxalq Federasiya (IFAC), IFAC TC 9.5 Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik təşkilatı, Bakı Ali Neft məktəbi və ADA Universitetidir.
Konfrans və məqalələrin təqdim edilməsi qaydaları barədə ətraflı məlumatı www.tecis18.org və www.tecis18.net saytlarından əldə etmək mümkündür.media24.az

Xəbər xətti