Argentina millisinin futbolçusu Lionel Messi İspaniyanın “Barselona” klubu ilə yeni müqaviləsinə xüsusi bənd əlavə etdirib.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, şərtə əsasən, Kataloniya müstəqil olacağı təqdirdə “Barselona” İspaniya, İngiltərə, Almaniya və ya Fransa çempionatında çıxış edə bilməsə, 31 yaşlı hücumçu heç bir təzminat ödəmədən azad agent statusu alacaq.
Messi noyabrın 25-də “Barselona” ilə 2020/2021 mövsümünün sonuna qədər nəzərdə tutulan sözləşməyə imza atıb. Yeni müqaviləyə əsasən, argentinalını transfer etmək istəyən klub Kataloniya klubuna 700 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Lionel Messi əsas komandada 2004-cü il oktyabrın 16-da debüt edib. O, kataloniyalıların heyətində 8 dəfə İspaniya çempionu olub, 4 dəfə ölkə kubokunu, eyni sayda Çempionlar Liqasını qazanıb. 30 yaşlı hücumçu 5 dəfə “Qızıl top”a layiq görülüb. Messi həm də dünyanın ən ödənişli futbolçusudur. Onun illik məvacibi 43 milyon avro təşkil edir.