Dekabrın 30-da Çinin Usi şəhərində taekvondo üzrə "Grand Slam” seriyasına start veriləcək.
"Ucnoqta.az" Apasport.az saytına istinadən bildirir ki, Dünya Taekvondo Federasiyası tərəfindən təşkil olunacaq yarış 2018-ci il yanvarın 30-dək davam edəcək.
Bir ay ərzində keçiriləcək turnirin ilk günü Azərbaycan millisinin üzvü, dünya və Avropa çempionu, Rio-2016-nın bürünc mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Milad Beiqi Harçeqani (80 kq) mübarizə aparacaq.
Turnirdə mübarizə aparacaq digər taekvondoçumuz, IV İslam Həmrəyliyi Oyunların qalibi Ayxan Tağızadə (68 kq) yanvarın 6-da, eləcə də dünya və Avropa çempionu, Rio-2016-nın qızıl medalçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Radik İsayev isə yanvarın 13-də döyüşlərə qatılacaq.
Hər çəki dərəcəsində 12 idmançı mübarizə aparacaq yarışlar ay ərzində həftəsonları baş tutacaq.