Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

15:01 - 26 Dekabr 2017 - İDMAN

 Bakı İdman Sarayında kişi və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatına start verilib.

"Ucnoqta.az"-ın məlumatına görə, açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, gənclər və idman naziri Azad Rəhimov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib.

A.Rəhimov çıxışında 55 idman klubundan 500-dək cüdoçunun yarışa qatılmasını, eləcə də Azərbaycan cüdoçularının nailiyyətlərini yüksək qiymətləndirib. O, 2017-ci ildə 851 medaldan 193-nün cüdoçular tərəfindən qazanıldığını vurğulayıb. Nazir Azərbaycan çempionatının vacib sınaq olduğuna və istedadlı idmançıların yetişməsi baxımından əhəmiyyətinə diqqət çəkib.

Ç.Hüseynzadə Prezident İlham Əliyevin dekabrın 28-də bir çox idmançını, o cümlədən cüdoçuları mükafatlandırdığını xatırladıb. O, 2017-ci ildə əldə olunmuş uğurlarda cüdoçuların böyük payının olduğunu bildirib. Onun sözlərinə görə, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında əsas zərbə qüvvəsi cüdoçular olacaq.

M.Quliyev cüdoçulara uğurlar arzulayaraq, bildirib ki, Azərbaycanda bu idman növündə parlaq nəticələrin əldə olunması sevindirici haldır. O, veteran cüdoçular adından bütün iştirakçılara uğurlar arzulayıb.

R.Abdullayev isə Azərbaycan çempionatını açıq elan edib.

Daha sonra dövlət himni səsləndirilib.


Qeyd edək ki, Azərbaycan çempionatı dekabrın 28-dək davam edəcək.







//Report//

Xəbər xətti