Çankırı Karatekin Universitetinin nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində dərs və treninqlər keçib

10:35 - 28 Noyabr 2017 - Xəbər

Türkiyənin Çankırı Karatekin Universitetinin 20 nəfərdən ibarət nümayəndə heyəti “ERASMUS+” layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) olub.
 

Ucnoqta.az NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a daxil olan məlumata istinadən bildirir ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağının yaranma tarixindən danışıb, universitetin 50 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu diqqətə çatdırıb. Beynəlxalq əlaqələrdən də danışan rektor “ERASMUS+” çərçivəsində müvafiq ixtisaslardan 15 tələbənin bir semestr ərzində Çankırı Karatekin Universitetində təhsil almaq üçün göndərildiyini bildirib.

Universitetlə yaxından tanış olan qonaqlar ixtisaslaşmış bölmələrdə dərs və treninqlər keçiblər. Onlar ali təhsil müəssisəsinin tarix-filologiya, beynəlxalq münasibətlər və xarici dillər, sosial idarəetmə və hüquq, iqtisad, pedaqoji, təbiətşünaslıq və kənd təsərrüfatı, tibb fakültələrində keçilən dərslərdə qardaş ölkənin tədris sahəsindəki təcrübələrini bölüşüblər. Türkiyəli qonaqlar müvafiq olaraq tədris, media və kadrlar şöbələrində treninqlər də keçiriblər.

Universitetdə mövcud olan media mərkəzi ilə maraqlanan nümayəndə heyəti bir həftə ərzində televiziya və radionun iş prinsipi, onlayn videokonfransların keçirilmə qaydaları ilə yaxından tanış olublar.

Mühasibatlıqda sənəd dövriyyəsi ilə maraqlanan qonaqlar tələbə-məzun şöbəsində universitetdə həyata keçirilən elektron tədris prosesini də izləyiblər.

Xəbər xətti