Azercell Telekom MMC-nin dəstəyi, Ümidli Gələcək İctimai Birliyinin təşkilatçılığı ilə fəaliyyət göstərən, uşaqların qayğısına və rifahına yönəlik layihələrindən biri olan “Uşaq Qaynar Xətti” xidmətinin mobil əlavəsi istifadəyə verilib. 24 noyabrda Hyatt Regency otelində baş tutan təqdimat mərasimində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev, “Ümidli Gələcək” İB-nin rəhbəri Nabil Seyidov, QHT və media nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Azercell-in prezidenti Vahid Mürsəliyev bildirib ki, yeni informasiya texnologiyalarının uşaqların sağlamlığı, müdafiəsi, təhlükəsizliyi və təhsilinə dəstək verməsini təmin etmək məqsədilə internet saytların və smartfonlar üçün tətbiqlərin yaradılması və yayılması xüsusi önəm daşıdığından, Azercell belə bir əlavənin istifadəyə verilməsinə ehtiyac duyur: “2010-cu ildə şirkətimizin dəstəyi ilə yaradılan “Uşaq Qaynar Xətti” xidmətinin ötən il Android cihazları üçün mobil əlavəsini istifadəyə verdik. 1 il ərzində bu əlavə nəticəsində uşaqların çətinlikləri, psixoloji durumları ilə daha yaxından tanış olmaq imkanın yarandığını müşahidə etdik. İndi “Uşaq Qaynar Xəttinin” mobil əlavəsi həm Andorid, həm də İOS cihazları üçün mövcuddur. Texnologiyaların insan həyatının ayrılmaz hissəsinə çevrildiyi bir zamanda “Uşaq Qaynar Xətti” xidmətinin mobil əlavə vasitəsilə dünyanın istənilən nöqtəsində əlçatan olmasını zəruri hesab edirik. Onun yaradılması və fəaliyyət göstərməsinə dəstək olmağımız bizim üçün qürurvericidir. Korporativ Sosial məsuliyyət strategiyası çərçivəsində Azercell uşaq hüquqlarının qorunması, uşaqların xoşbəxt yaşamaları üçün ənənəvi tədbirlərinə bundan sonra da önəm verəcək.”-deyə şirkət prezidenti qeyd edib.