Rusiyanın Ufa şəhərində iki azyaşlı - 3 yaşlı Ruslan və 4 yaşlı Aişə itkin düşüb. Hadisə avqustun 20-dən 21-ə keçən gecə baş verib. Azyaşlıların anası Yelena uşaqların itməsində onların milliyətcə azərbaycanlı olan atalarını günahlandırır. O ehtimal edir ki, uşaqlar boşanmağa qərar verdiyi əri tərəfindən oğurlana bilərlər. “Mən üç həftə əvvəl ona boşanmaq istədiyimi bildirdim. O isə uşaqları mənə verməyəcəyini dedi. Dünən gecə saat 1-də işdən qayıtdım, gördüm ki, ev bomboşdur, avtomobil də yoxdur”, - deyə itmiş uşaqların anası qeyd edir. Yelenanın həyat yoldaşı Bakı sakinidir və o, uşaqların itməsində ondan şübhələnir. O, körpələrlə yanaşı, özünə məxsus olan “VAZ” markalı qara rəngli avtomobilin də yoxa çıxdığını deyir. Qadın hesab edir ki, əri uşaqları da götürüb son on ildə cəmi bir dəfə getdiyi vətəninə - Azərbaycana gedib. Qadın polis idarəsində yazdığı şikayətində ərinin A942 ТУ 102 avtomobili ilə getdiyini bildirib. Hazırda polis körpələri axtarır. (Virtualaz.org)