Bizim deputat

17:07 - 2 Avqust 2017 - ÖLKƏ İÇİ

Avqustun 1-də 80 saylı İmişli-Beyləqan seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Bakı şəhərinin keçmiş prokuroru, milli azadlıq hərəkatının ən fəal üzvlərindən biri, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru, 30 ilə yaxındır ki, ölkəmizin ictimai həyatında yaddaqalan rol oynayan Çingiz Qənizadənin 60 yaşı tamam olur.  Bu insan haqqında yazı yazmağın kifayət qədər məsuliyyətli, həm də çətin bir iş olduğunu dərk edirəm.

Ən azı ona görə ki, bu cür çoxşaxəli fəaliyyətə səriştəli qiymət vermək üçün gərək həmin fəaliyyətin hər bir istiqaməti üzrə az da olsa məlumatlı olasan. 

Bununla belə, Çingizlə 40 ilə yaxın bir müddət ərzində yaxın dostluğumuz, ona az qala özümü tanıdığım kimi bələd olmağım məni buna cəsarətləndirir.

Çingizlə tanışlığımızın tarixi ali məktəbə daxil olduğumuz ilk gündən - 1978-ci ilin sentyabrın 1-dən başlayır. Həmin ildən başlayaraq hüquq fakültəsinə qəbul imtahanlarını o zaman Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev öz şəxsi nəzarətinə götürmüşdü. Burada tələbə adını qazananların əksəriyyəti fəhlə və kolxozçu övladları olmaqla bərabər həm də kifayət qədər hərtərəfli inkişaf etmiş, intellektual baxımdan hazırlıqlı idilər. Hətta bu uşaqların içində Çingiz öz dərin biliyi və digər müsbət keyfiyyətləri ilə elə ilk günlərdən nəzərə çarpacaq dərəcədə fərqlənməyə başladı. Zəhmətsevərliyi, mübarizliyi, anadangəlmə xarizması, liderlik keyfiyyətləri onu qısa müddətdə müəllim və tələbələrin sevimlisinə çevirdi. Uzun illik müşahidələrimin nəticəsi kimi gəldiyim qəti və dayanıqlı inamım bundan ibarətdir ki, onun qazandığı bütün uğurların kökündə məhz bu sadaladığım keyfiyyətlər durur. Pedaqoqlarımızın və qrup yoldaşlarımızın ən kiçik problemlərindən və təbii ki, həm də şad günlərindən birinci xəbər tutan məhz o olurdu. Sonralar, hansı vəzifədə işləməsindən asılı olmayaraq, biz tələbə dostları, xüsusilə, xeyirxah əməllər ətrafında əlaqələndirən də Çingiz olmuşdur. Məhz onun birbaşa xidmətidir ki, ali təhsili 35 il bundan qabaq bitirməyimizə baxmayaraq, hüquq fakültəsinin tarixində bu günədək ən mehriban qrup kimi tanınırıq. Elə aramızda ali dövlət mükafatı - “Şöhrət” ordeni ilə təltif edilən də birinci o oldu.

Sonralar, Qarabağ və müstəqillik uğrunda mübarizə başlayanda Çingizin bu savaşın ön sıralarında görünməsi də, təbii ki, onu tanıyanları təəccübləndirmədi. Ədalətsizliyə, haqsızlığa dözümsüzlüyü, ölkəyə rəhbərlik edənlərin qorxaqlığı və qətiyyətsizliyi ilə barışmazlığı onu ötən əsrin 80-ci illərinin axırlarında milli azadlıq hərəkatına gətirdi. Bir qədər sonra hakimiyyətin isti və rahat kabinetlərində ən vacib kürsüləri tutacaq partiyadaşlarından fərqli olaraq burada da Çingiz hərəkatın ən təhlükəli və gərgin yerlərində fəaliyyət göstərirdi. Ən konfliktli və dramatik yerlərə, hər an silahlı toqquşma yarana biləcək münaqişə zonasına birinci olaraq məhz o özünü yetirirdi.

Bir müddət sonra Çingiz Qənizadəyə şəhər prokurorluğuna rəhbərlik etmək həvalə edildi. Orta və yaşlı nəsil o dövrün Bakısını yəqin ki, xatırlamamış olmazlar. Erməni təxribatı, başıpozuq dəstələrin cinayətkar əməlləri, hakimiyyətə gəlmiş şəxslərin qeyri-peşəkarlığı və heç nəyə əsaslanmayan ambisiyaları, aclıq və səfalət şəhər həyatını iflic vəziyyətinə salmışdı. Belə durumda qanunçuluğun keşiyində durmalı olan bir quruma rəhbərlik etməyin nə qədər problematik bir iş olduğunu yəqin ki, professionallar bilməmiş olmazlar. Çingiz, bəzən "yuxarıların" ciddi müqavimətinə baxmayaraq, özünü nüfuzdan salmış bir çox işçiləri prokurorluq orqanlarından xaric etdi, onların əvəzinə gənc kadrların, Rusiyada və digər ölkələrdə çalışan peşəkar və təmiz insanların bura cəlb edilməsinə nail oldu. Onların arasında savadına və saflığına bələd olduğumuz bir neçə nəfər tələbə yoldaşlarımız da var idi. Çingiz bu vəzifədən uzaqlaşdıqdan sonra da onun seçib təyin etdirdiyi kadrların əksəriyyəti öz fəaliyyətlərini həmin orqanda şərəflə davam etdirdilər. Onun qısa müddət bu vəzifədə işləməsinə baxmayaraq, illərlə açılmayan bir neçə hay-küylü cinayət işlərinin istintaqı başa çatdırıldı. Bir çox hallarda bu işlərin araşdırılması zamanı özü  şəxsən iştirak edirdi. Onun çılğınlığı, ədalətsizliyə dözümsüzlüyü bəzən arzuolunmaz nəticələrə də gətirib çıxarırdı. Xatırlayıram, bir dəfə yanacaqdoldurma stansiyasında Qarabağdan bir günlük Bakıya ezamiyyətə gələn səhra komandirlərindən birini aldatmışdılar. Qazilərin əksəriyyəti ilə dost olan Çingizin özü də araşdırmada iştirak edirdi. Özünü çox arxayın aparan stansiya müdirinə qarşı onun qəzəbini öz  gözlərimlə gördüm.

Çingiz öz əqidəsinə və vətəndaş mövqeyinə heç zaman xilaf çıxmayanlardan bir insandır. O, bir neçə insan hüquqları müdafiəçiləri ilə birlikdə ölkənin sonralar ən nüfuzlu qeyri-hökumət təşkilatlarından birinə çevrilən Demokratiya və İnsan Hüquqları Komitəsini təsis etdi və bu günədək ona sədrlik edir. Mövcud olduğu illər ərzində bu qurum yüzlərlə insanın pozulmuş hüquqlarının bərpası üçün əməli tədbirlər görmüş, haqqın, ədalətin bərpasına nail olmuşdur. Təşkilatın bu cür uğur qazanmasında, təbiidir ki, ona hüquq ictimaiyyəti tərəfindən birmənalı qəbul edilən peşəkar hüquqşünasın rəhbərlik etməsi də az rol oynamır. Digər tərəfdən o, özünün hüquq-mühafizə orqanlarında illərlə, ağır zəhmət hesabına qazandığı hörmət və nüfuzundan Komitənin qarşısında duran vəzifələrin həlli üçün bacarıqla istifadə etməyi bacarır. Təsadüfi deyildir ki, bütün digər reqaliyaları ilə bərabər, Çingiz Qənizadə bu gün həm də ölkənin ən nüfuzlu hüquq müdafiəçilərindən biri hesab edilir.

Çingizin həmin Komitədəki fəaliyyəti ilə bağlı bir vacib məqama da toxunmadan keçmək mümkün deyil, məncə. Bir sıra xarici ölkələrin müvafiq QHT-ləri və xüsusilə insan hüquqları sahəsində vəziyyəti müşahidə edən beynəlxalq təşkilatlar insan hüquqlarının müdafiəsi üzrə nüfuzlu qurumun rəhbəri kimi onu tez-tez konfranslara və simpoziumlara da dəvət edirlər. Ölkə daxilində insan hüquqlarının pozulmasına qarşı barışmaz mövqe sərgiləyən Çingiz həmin tədbirlərdə bu problemin daha çox beynəlxalq aspektlərini qabardır. Məsələn, mən dəfələrlə onun ölkəmizin qaçqın və köçkünlərinin qonşu təcavüzkar dövlət tərəfindən kütləvi şəkildə pozulmuş hüquqları və bununla bağlı beynəlxalq təşkilatların ikili standartlarına etiraz dolu çıxışlarının şəxsən şahidi olmuşam. Bu cür cəsarətli və müstəqil mövqe təkcə Çingizin şəxsi keyfiyyətləri ilə bağlı deyildir, baxmayaraq ki, bu amil həlledici rol oynayır. Məsələ həm də bundadır ki, onun rəhbərlik etdiyi Komitə xaricdən heç bir qrant almır. Özünün dediyi kimi, "bizə heç kim kənardan musiqi sifariş verə bilməz".

Çingizin yüksək intellekti, peşəkarlığı, zəhmətsevərliyi, prinsipiallığı, ədalətliliyi və digər yüksək dəyərlərə uyğun keyfiyyətləri onun MM-in deputatı kimi fəaliyyət göstərdiyi son yeddi ildə xüsusilə qabarıq görünür. Məlumdur ki, ölkəmizdə bəzi seçicilərin parlamentə və onun üzvlərinə illərdən bəri formalaşmış münasibəti, yumşaq desək, bir qədər təhrif olunmuş meyarlara söykənir. Bu yanaşmaya görə deputat seçicinin gündəlik kommunal problemlərini (işıq, qaz, su, yol və s.) həll etməli, onu və uşaqlarını işə düzəltməli, məmur özbaşınılığından qorumalı, bir sözlə onun hüquqi mənada şəxsi vəkili olmalıdır. Bütün bu qarmaqarışıqlığın içində deputatın və parlamentin əsas funksiyası-qanunvericilik vəzifəsi sanki itib batır. Çingiz xüsusi işgüzarlığı və digər şəxsi keyfiyyətləri sayəsində bu işlərin hamısını uzlaşdırmağı bacarır. Onun hesabatlarını mütəmadi izləyirəm, hər gün zəngləşirik, həftədə azı bir dəfə görüşürük, bir sözlə həyatı gözümün önündə cərəyan edir. Seçki dairəsində keçirilən bütün az və ya çox dərəcədə əhəmiyyətli tədbirlərdə fəal iştirakı bir yana qalsın, özü birbaşa və köməkçiləri vasitəsi ilə dairənin problemlərini daim nəzarətdə saxlayır, dairədəki məntəqələrdə və MM-in binasında yüzlərlə ərizəçini qəbul edir, qaldırılmış məsələlərlə bağlı yazılı və şifahi sorğular verir. Beyləqan və İmişlinin Bakıdakı ziyalılarını rayonların problemlərini həll etmək istiqamətində əlaqələndirir. Mərkəzi və bölgə KİV-nin keçirdiyi bütün sorğularda onun adı həmişə seçicilərin gündəlik qayğılarına bələd olan və onların həllinə çalışan millət vəkillərinin sırasında çəkilir. Dövlətimizin maraqları və digər məsələlərlə bağlı dövlət televiziya kanallarında demək olar ki, hər gün onu görmək və fikirlərini dinləmək mümkündür.

Çingiz qanunvericilik prosesində də ən fəal iştirak edən peşəkar parlamentarilərdən biridir. Öz şəxsi müşahidələrimdən və KİV-də gedən materiallardan bilirəm ki, o, plenar iclasa təqdim olunan qanun layihələrinin demək olar ki, hamısı  ilə tanış olur, öz irad və təkliflərini bildirir. Bilavasitə onun ixtisasına aid olan (Ç.Qənizadə cinayət hüququ sahəsində ölkəmizdə tanınmış mütəxəssislərdən biridir və bununla bağlı bir çox elmi araşdırmaların müəllifidir) layihələrin müəllifi kimi isə özü çıxış edir. Ötən illər ərzində o,  "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Qanun layihəsini, Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar Məcəllələrinə, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında", "Dini etiqad azadlığı haqqında", "Qrant haqqında" Qanunlara və digər aktlara  əlavə və dəyişikliklər edilməsi haqqında Qanun layihələrini hazırlamış, MM-in Komitə və plenar iclaslarına təqdim etmişdir. Ölkənin hüquq ictimaiyyətindəki hörmət və nüfuzu ona tanınmış hüquqşünasları da qanunvericilik prosesinə cəlb etməyə imkan vermişdir.

Çingizi digər millət vəkillərindən fərqləndirən bir keyfiyyətini də burada yada salmaq yerinə düşərdi. Yəqin oxucular mənimlə razılaşarlar. Mən, qəbul edilmiş qanunları onu qədər peşəkarcasına, əlçatan dildə və həvəslə  telekanallarda şərh edən ikinci bir mütəxəssis tanımıram. Digər tərəfdən o, kifayət qədər mürəkkəb beynəlxalq problemlərdən tutmuş ən adi məişət qayğılarına qədər məsələləri də bu üsulla KİV-də şərh etməyi bacarır. Ümumiyyətlə,  mənim fikrimcə Çingiz, medianın çox geniş imkanlarından öz vəzifələrinin icrası üçün ustalıqla istifadə edən və mətbuata açıq olan iki-üç millət vəkilindən biridir.

Çingiz ölkənin həyatına aid olan istənilən məsələnin müzakirəsində öz müstəqil və prinsipial mövqeyini saxlamağı da bacarır. Haqsızlıq görəndə onun üçün heç bir mötəbər, nüfuz sahibi qalmır. Onun nəqliyyat sistemi, hava uçuşları, elektrik və su təchizatı, qaçqın və köçkünlərin gündəlik həyatı və digər sahələrdəki çatışmazlıqlarla bağlı, konkret ünvanlar və təqsirkar vəzifəli şəxslərin adları göstərilməklə MM kürsüsündən və KİV-də etdiyi çıxışları, yəqin ki, çoxları xatırlayır. Öz deputat yoldaşlarının qüsurlarını üzünə deyən dostumuz onların buraxdığı xətalara görə mətbuatda üzr istəməyi də bacarır.

Bir ictimai xadim kimi portretini tamamlamaq üçün Ç.Qənizadənin çoxşaxəli və səmərəli fəaliyyətinin ayrı-ayrı ştrixləri qismində, onun yerinə yetirdiyi bəzi digər funksiyaları da sadalayaq. O, Bosniya-Hersoqoviniya Parlamentlərarası Dostluq Qrupunun sədri, Avstriya, Böyük Britaniya, Belarus, Yunanıstanın və s. bir neçə ölkələrin  Parlamentlərarası İşçi Qrupunun üzvü (ötən çağırış Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Azərbaycan nümayəndə heyətinin və TÜRKPA-nın Hüquq komissiyasının üzvü) olmuşdur. Hazırda, həmçinin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycan nümayəndə heyətinin üzvü, Korrupsiya Əleyhinə Parlamentarilərin Qlobal Təşkilatının (GOPAC) 2013-cü ildən Azərbaycan Parlamenti nümayəndə heyətinin, İnsan Hüquqları Məsələləri üzrə Birgə İşçi Qrupun, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvüdür. 2013-2017-ci illərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin koordinatoru olmuşdur. Üzərinə düşən vəzifələrin əsas, əlavə və ictimai xarakterindən asılı olmayaraq, hamısına eyni münasibət bəsləyən Çingiz bu sadalanan mövqelərdə də fərqlənə bilib.

Yüksək vəzifəli şəxslərin övladlarının harınlığı baş götürüb getdiyi bir zamanda Çingizin böyütdüyü övladlar da müsbət nümunə kimi göstərilə bilər. Savadı, peşəkarlığı, ən başlıcası isə tərbiyəsi ilə prokurorluq orqanlarında böyük hörmət qazanmış oğlu Elgiz atasının yolunu davam etdirir. Qızı isə həkimdir. Nəvələrini hər gün ziyarət etməklə sanki gün ərzində almış olduğu yorğunluğunu çıxardır.

Qeyd etdiyim kimi, Çingizin işgüzarlığı və peşəkarlığı, zəhmətsevərliyi və həyat eşqi kifayət qədər geniş əhatəli, çoxşaxəli fəaliyyətinin əsasıdır. Bu fəaliyyətin nəticələrindən təkcə onun təmsil etdiyi dairənin seçiciləri deyil, digər bölgələrin insanları da bəhrələnirlər. Bu gün ölkəmizin ən müxtəlif  zonalarından minlərlə seçicilər, onu öz vəkilləri hesab edərək  problemləri ilə müraciət edirlər. Bu baxımdan Çingiz Qənizadənin həmin şəxslər tərəfindən "bizim deputat" adlandırılması da onun halal haqqıdır.

Simran HƏSƏNOV

Hüquq üzrə fəlsəfə doktoru

P.S: yazı dərc olunandan 3-4 saat sonra Çingiz Qənizadə Prezident tərəfindən Şöhrət Ordeni ilə təltif edilib.

Xəbər xətti