Futbol geosiyasi faktora çevrilib

14:06 - 2 Avqust 2017 - İDMAN

"Qarabağ” futbol klubu Azərbaycan futbol tarixində klublar arasında ən gözəl futbol nümayiş etdirir. Bu da baş məşqçinin səmərəli işlədiyini göstərir. “Qarabağ”da rəhbərlikdən tutmuş ən sıravi işçiyə kimi hər kəs işinə sevgi və məsuliyyətlə yanaşır. Bunun nəticəsidir ki, bu gün "Qarabağ” daha bir uğura imza atdı. UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Şerif” üzərində  2:1 hesablı qələbə qazandı. Əzmkar qələbə isə onun cari mövsümdə UEFA Çempionlar Liqasının pley-off mərhələsində qalib gələcəyinə şübhə doğurmur. Kimsə mənim indidən «Qarabağ»ın pley-off-da qalib gələcəyini iddia etməyim xoş gəlməyə bilər. Amma nəzərə almaq lazımdır ki, komanda daha peşəkar futbolçulardan təşkil olunub, sürətli futbol nümayiş etdirir və xətlər arasında əlaqə digər komandalarla müqayisədə yüksəkdir. Deməli, onun bu mərhələdən də uğurla geçəcəyinə haqqı var və Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsində ölkəmizi təmsil edə bilər. Nəzərə alsaq ki, Çempionlar Liqasını milyonlarla insan izləyir, üstəlik onun dünya mediasının diqqət mərkəzində olduğunu da nəzərə alsaq, futbolun beynəlxalq gücü ortaya çıxar. Bu təbliğat baxımından çox önəmlidir. Onu da qeyd edək ki,“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun acıqlamaları da bizdə ümid yaradır. O, komandasının UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Şerif” üzərində qazandığı 2:1 hesablı qələbəni şərh edərkən deyib:"Olduqca çətin oyun oldu və belə olacağını da gözləyirdik. Futbolçular əzmkar mübarizə apardı və layiqli qələbə qazandı. Komandamı qələbə və pley-off-a yüksəlmək münasibətiylə təbrik edirəm.Bu mərhələdə oynamaq istəyirdik. Çalışacağıq ki, pley-off-da da yaxşı oyun göstərək. Bu gün bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm". 

Bu qələbə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov üçün də yubileylə yadda qaldı. Belə ki, Qurban Qurbanovlu “Qarabağ” qitə kuboklarında 30-cu qələbəsini qazandı. Təcrübəli mütəxəssisin rəhbərliyi altında avrokuboklarda 20 dəfə meydandan heç-heçə ilə ayrılan “Qarabağ” 18 matçda da yenilmə acısı yaşayıb. Topların fərqi isə 79-un 61-ədir.

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl də qələbədən çox sevinənlərdəndir. O deyib:"Ancaq qürur duyuruq. Amma hər qalibiyyətdən sonra məsuliyyətimiz daha da artır. Bundan sonra daha diqqətli olmalıyıq. Düzdür, bugünkü qələbə bir tarixdir. Amma qarşımıza qoyduğumuz hədəfə hələ çatmamışıq. Qurban müəllimi, oyunçularımızı, rəhbərliyimizi təbrik edirəm.
Bundan sonrakı hədəfimiz Çempionlar Liqasının qrupudur. Birinci missiyamızı  tamamdıq. İndi qarşıda bizi ağır pley-off mərhələsi gözləyir".

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”a uduzan “Şerif”in baş məşqçisi Roberto Bordin də matçdan sonra öz fikirlərini dilə gətirib.“Qarabağ”ı yaxşı təhlil etmişdik. Birinci hissədə xeyli qol vəziyyəti yaratdıq. İkinci hissədə isə qol vurmalı idik, hücuma atılmağa məcbur olduq, buna görə də rəqibə daha çox boş sahə verməyə başladıq”.

Bakıda qolsuz bərabərliyə nail olan, öz meydanında isə 1:2 hesabı ilə uduzan Tiraspol təmsilçisinin çalışdırıcısı nəticənin qanunauyğun olmadığını bildirib: “Qarabağ” çox yaxşı, texnikalı komandadı. Topla əla rəftar edirlər. Bununla belə düşünürəm ki, “Şerif” meydanda dominantlıq edən tərəf idi. Daha çox vəziyyət yaratdıq, təəssüf ki, bu şanslardan istifadə edə bilmədik. Oyundan sonra danışmaq çox asandı. İlk hissədə bir qol vura bilsəydik, oyun tamam fərqli məcrada davam edəcəkdi”.

 Əlbətdə rəqib komandanın məşqçisi məğlubiyyəti öz prizmasından görür, rəhbərlik etdiyi komandanın məğlubiyyətinə müxtəlif fikirlər səsləndirməklə təsəlli tapmağa çalışır. Ortada olan isə "Qarabağ"ın möhtəşəm qələbəsidir.

«Qarabağ»ın bu günkü uğurları isə böyük bir zəhmətin məhsuludur. 1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycan Respublikasının müstəqil futbol çempionatı təşkil olunub. "Qarabağ"  Azərbaycanın yeganə klublarından biridir ki, ilk çempionatdan başlayaraq indiyə qədər keçirilən çempionatların hamısında iştirak edib. Təbii ki, müstəqillik illərində "Qarabağ"ın ağır günləri də az olmayıb. Azərbaycan tarixinin ən qara günlərdən biri olan Ağdam şəhərinin işğalı "Qarabağ" komandasının tarixində də ən qara gündür – həmin tarixdən etibarən komanda "qaçqın klub" kimi fəaliyyət göstərib. Ağdam klubu 1993-cü ildə Azərbaycan çempionu olub.

XX əsrin son illərində klub maddi sıxıntılarla qarşı-qarşıya qalıb. Məhz bu səbəbdən 1998-2001-ci illərdə ölkə çempionatının güclülər dəstəsində zəif nəticə göstərib. Üstəlik maddi vəziyyət klubun aparıcı futbolçularının da "Qarabağ"ı tərk etməsinə gətirib çıxarıb. Bütün bunlara baxmayaraq belə bir çətin dövrdə "Qarabağ" Avrokuboklarda mübarizə aparıb.  Azərbaycan klublarından ilk dəfə mərhələ adlayan "Qarabağ"ın uğuru da məhz bu dövrə təsadüf edir. İsrailin «Makkabi» klubu ilə baş tutmuş oyunların nəticəsində klub qələbə qazanaraq mərhələ adlayıb. Azərbaycan futbolu tarixində ilk dəfə olaraq Azərbaycana  "böyük beşlik" təmsilçisi gəlib. Bu Fransanın «Monpelye» klubudur.

«Qarabağ» klubunun ən böyük uğurları ona «Azərsun Holdinq» Şirkətlər Qrupu sponsorluq etdikdən sonra başlayıb. XXI əsrin əvvəlində klub maddi problemlərlə üz-üzə qalmışdı. Bu problemlər 2001-ci ildə Azərbaycanda fəaliyyət göstərən ən böyük holdinqlərdən biri olan  «Azərsun Holdinq» komandanı sponsorluğa götürməsindən sonra həll olunub. Bu şirkət "Qarabağ"ın inkişafı üçün əməli işə girişib. Şirkətin prezidenti Abdulbari Gözəl bilavasitə şəxsi köməkliyi ilə komandanın maddi problemləri həll olunub. İmkansızlıq ucbatından digər klublara keçmiş eks-qarabağlılar heyətə qaytarıldı və həmin dövrdən klub "Qarabağ-Azərsun" adı ilə çıxış etməyə başlayıb.

Maddi vəziyyətin düzəlməsi klubun nəticələrinə də təsir göstərib. 2001 -ci ildə "Qarabağ-Azərsun" ölkə çempionatında 9–cu yeri tutsa da, qarşıdakı mövsümə hazırlıq işləri ciddi gedib və iddiası böyük olan klubun qarşısına ən yüksək yerləri tutmaq vəzifəsi qoyulub. Lakin həmin dövrdə Azərbaycan futbolunda baş verən böhran səbəbindən ölkədə 2002/2003-cü ildəki çempionat yarımçıq dayandırıldığı üçün qarşıya qoyulan məqsədə nail olmaq mümkün olmayıb. Azərbaycan futbolunda böhran başa çatdıqdan sonra, 2003-cü ildə "Qarabağ-Azərsun"un rəhbər strukturunda bir sıra dəyişikliklər aparılıb və  Tahir Gözəl komandanın vitse-prezidenti təyin edilib. Onun kluba gəlişindən sonra "Qarabağ"ın tarixində sanki yeni səhifə açılıb. Komandanın ölkə çempionatında uğur qazanması üçün bütün imkanlar səfərbər edilib. Və məhz bu səylərin nəticəsi idi ki 2003/2004-cü il mövsümündə "Qarabağ" uzun fasilədən sonra yenidən Azərbaycan çempionatının mükafatçıları sırasında yer alıb və birincilikdə ilk dəfə bürünc medalları qazanıb.

"Qarabağ"ın rəhbərliyi  2000-2005-ci il mövsümündə İsveçdə yaşayan təcrübəli məşqçi İqor Ponomaryovu baş məşqçi postuna təyin etdikdən sonra qısa zamanda Azərbaycanın müxtəlif yaş qruplarına aid yığma komandalarının üzvü olan bir sıra futbolçular heyətə cəlb olunub. Onu da qeyd edək ki, Tahir Gözəlin təşəbbüsü ilə 2004-cü ildə "Qarabağ"ın tarixi adı özünə qaytarılıb və komanda yenidən bu adla adlandırılmağa başlanıb. Aydındır ki, komandanın «Qarabağ» adlandırılması çox düşünülmüş bir addım idi. Bu Tahir bəyin uzaqgörənliyindən xəbər verirdi. Çünki bu gün yaşadığımız dünyada futbol geosiyasi faktora çevrilib. İşğal altında qalan bir bölgənin adını daşıyan futbol klubunun Avropa miqyaslı yarışlarda oynamasının  böyük siyasi-ideoloji əhəmiyyəti vardı.  Həmkarımız Elnur Eltürkün yazdığı kimi, belə olan halda Azərbaycanın kənarda qalması qeyri-mümkündür. Bu gün «Qarabağ» işğal altında qalan torpaqlarımızın hayqırtı səsidir və beynəlxalq arenada Qarabağın Azərbaycana məxsus olmasını bir daha təsdiq edən sübutlu pasportdur.  «Qarabağ» klubunun Avropa miqyaslı yarışlarda oynaması Ermənistanın və erməni dasporasının apardığı antiazərbaycan və «Qarabağ ermənilərə məxsusdur» fikirini alt-üst edir. Ona görə də, «Qarabağ» hər zaman Avropa klubları ilə oynayan zaman erməni diasporu bundan bərk narahat olur. «Qarabağ» klubu sübut edir ki, Qarabağ Azərbaycan torpağıdır. Üstəlik, dünya mediyasında Qarabağ sözü ictimaiyələşməyə başlayır və insanların altşüur qatında Qarabağ sözü öz yerini tutur. Bu onu göstərir ki, hər bir azərbaycanlı «Qarabağ» klubunun yanında olmalı, onu dəstəkləməliddir. Bu dəstək isə hər zaman «Qarabağ»a gösçtərilir. Komandanın ən böyük dəstəkləyicisi isə «Azərsun Holdinq»dir.

Bundan başqa Tahir bəy klub üçün yeni loqotip də hazırlatdırıb. İngiltərə dizaynerlər tərəfindən hazırlanan bu loqotipdə "Qarabağ"ın simvolu olan Qarabağ atı təsvir olunub. Loqotipi bundan başqa müxtəlif atributlar bəzəyir. Aydındır ki, bu loqonu görən xarici ölkə vətəndaşı Qarabağ atı ilə də maraqlanır, məlumat toplağa çalışır. Bunlar onlarda Qarabağ barədə geniş məlumatların yaranmasına, Qarabağın Azərbaycana məxsus olduğuna inam yaranır. Göründüyü kimi görülən işlər Azərbaycanın maraqlarına xidmət edir və ölkəmizin xaricdə təbliğində önəmli rol oynayır.

«Qarabağ»ın uğurları sonrakı illərdə də davam edib. Qurban Qurbanov komandanın "sükanı arxasına" keçməsindən sonra işğal altında olan bir rayonu təmsil edən klubun sonrakı illərdəki uğurlarının əsas memarı olub. 2009-2010 "Qarabağ"ın Avropa Liqasındakı uğurlu çıxışı komandanın reytinqinin yüksəlməsinə də səbəb olub. Azərbaycanın müstəqillik tarixində ilk dəfə reytinq gətirən yarışda 2 mərhələ keçən komanda 11 xal toplamaqla reytin cədvəlində dünyanın 350 ən güclü klubunun sırasına düşüb.  Böyük dəstək komandanın sonrakı  uğurlarının təməli olub. 2010/2011 mövsümdə "Qarabağ"ın uğurlu çıxışı davam edib. Belə ki, 30 iyul 2010-cu ildə açıqlanmış siyahıda isə "Qarabağ" 88,5 xal ilə 189-cu pillədə qərarlaşıb. 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində isə ilk onilliyi 357 xal ilə Azərbaycan klubları arasında 2-ci, dünyada isə 339-cu pillədə başa vurub. 2013-cü-cü ilin ən güclü 200 klubu arasında "Qarabağ" 111-ci olub.  Artıq bu gün Azərbaycan çempionu son 5 mövsümün nəticələrinə görə hesablanan reytinqini 16,500-ə çatdırıb. "Qarabağ" "Şerif"lə oyuna qədər  16,000 xalla 75-ci yerdə  İtaliya “İnter”i, Moskva “Dinamo”su və “Rubin”lə eyni xala malik idi. Tiraspoldakı qələbədən sonra isə  Qurban Qurbanovun komandası hər üç şərikini arxada qoyaraq 75-ci yerin tək sahibi olub. "Qarabağ" siyahıda "Everton", "Vest Hem", "Marsel", "Ayntraxt" kimi klubları da qabaqlayır.
Qurban Qurbanovun rəhbərliyi ilə "Qarabağ" futbol klubu 2013/2014-cü mövsüm də daxil olmaqla  ardıcıl olaraq 4 dəfə Azərbaycan çempionu olub. Bu mövsüm isə «Qarabağ» göstərdiyi oyunla Avropa Çempionlar Liqasınında Azərbaycanı ən yaxşı təmsil edə bilər. O buna layiqdir.

Pünhan Əfəndiyev

P.S. Sevimli komandamızın İtaliya "İnter"i ilə oyunu bu gün də bizdə iftixar hissi yaradır

Xəbər xətti