İyulun 22-də Bakı şəhər sakini olan bir qadın evindən qızıl əşyalarının oğurlanması barədə Səbail RPİ-nin 39-cu Polis Bölməsinə ərizə ilə müraciət edib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, o, izahatında 6000 manat dəyərində qızıl-zinət əşyalarının bir müddət əvvəl oğurlandığını, aradan ötən vaxt ərzində özünün evinə gəlib-gedən yaxın tanışlarından kimlərin bunu edəcəyi ilə maraqlandığını, lakin bir nəticə əldə etmədiyini bildirib.
Məlumatla əlaqədar yaradılan əməliyyat qrupu tərəfindən müvafiq araşdırmalara başlanılıb. Görülmüş tədbirlərlə oğurluğun mənzil sahibəsinin tanışları Elşad və Qismət adlı şəxslər tərəfindən törədilməsinə dair şübhələr yaranıb. Əməliyyat-axtarış tədbirləri ilə qısa vaxt ərzində onların yeri müəyyənləşdirilərək şübhəli şəxs qismində saxlanılıb, 39-cu Polis Bölməsinə gətiriliblər.
Araşdırmalarla onların Abşeron rayon sakini Qismət Nəsibov və Ağdam rayon sakini Elşad Hüseynov olmaları müəyyən edilib. Əsaslı dəlillər qarşısında onlar həmin tanışlarının mənzilindən mart ayından etibarən nəzərə çarpdırmadan müxtəlif qızıl əşyalarını oğurladıqlarını etiraf ediblər.
Faktla əlaqədar cinayət işi başlanılıb.