"Təmiz hava" aylığı keçiriləcək
10:48 - 24 İyul 2017 - ÖLKƏ İÇİ
Avqust ayının 1-dən 31-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə birgə respublika ərazisində “Təmiz hava” aylığı keçirəcək.
Bu barədə “Report”a BDYPİ-dən bildirilib.
“Təmiz hava” aylığı tədbirinin keçirilməsində əsas məqsəd atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsi hallarının qarşısının alınmasıdır.
Tədbirlə əlaqədar Baş DYP İdarəsi nəqliyyat vasitəsi sahiblərinin, sürücülərin və eləcə də avtonəqliyyat müəssisələri rəhbərlərinin bir daha diqqətinə çatdırır ki, istifadələrində olan avtomobillərin yanacaq sistemi tənzimlənilməklə saz vəziyyətə gətirildikdən və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılması təmin edildikdən sonra istismarına yol verilə bilər.
Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.