Ermənistan silahlı qüvvələri tərəfindən 4 iyul 2017-ci il tarixində Azərbaycanın mülki əhalisinin qətlə yetirilməsi Azərbaycan cəmiyyətində narazılıq doğurub. Məlum olaylarla əlaqədər bir sıra təşkilatlar etiraz bəyanatları yayıblar. Bunlardan biri də “Üfüq” Gənclərin İnkişafına Naminə İctimai Birliyidir. Təşkilatın yaydığı bəyanatda deyilir:
“4 iyul 2017-ci il tarixində təcavüzkar Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribata əl atmış, Azərbaycan Respublikasının işğal altında olan ərazilərindən, Silahlı Qüvvələrimizin cəbhəboyu mövqelərini, Füzuli rayonunun Alxanlı kəndinin dinc əhalisini və yaşayış məntəqələrini 82 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan istifadə etməklə intensiv atəşə tutaraq, beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Nəticədə Alxanlı kənd sakinləri — 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2 yaşlı, 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir. Eyni zamanda mülki obyektlərə ciddi zərər dəymişdir.
Yaşayış məntəqələrinin qəsdən hədəf seçilməsi, azyaşlı körpənin, yaşlı qadının həlak olması və digərinin ağır yaralanması, mülki obyektlərə ciddi zərər vurulması bir daha göstərir ki, 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfəri amansızlıqla qətlə yetirərək Xocalı Soyqırımını törədən ermənilər öz vəhşiliklərini təsdiqləyən qeyri-insani hərəkətlərini hələ də davam etdirir. Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüququn normalarını, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə Konvensiyasının müddəalarını, həmçinin Uşaqların hüquqlarına dair və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmağa davam edərək, kütləvi şəkildə və kobudcasına azərbaycanlıların yaşamaq və digər hüquqlarını məhdudlaşdırır.
“Üfüq” Gənclərin İnkişafına Naminə İctimai Birliyi olaraq bu acı hadisəni qətiyyətlə pisləyirik, hesab edirik ki, beynəlxalq ictimaiyyət bu cür qəddarlıq və qeyri-insani hadisələrə laqeyd qalmamalıdır. Baş vermiş haddisəni insanlığa qarşı törədilmiş cinayət kimi, Ermənistanın siyasi-hərbi rəhbərliyinin münaqişənin həlli üçün aparılan sülh danışıqlarını pozmaq cəhdi kimi qiymətləndirir, işğalçı Ermənistanın bu hüquqazidd əməllərinə səlahiyyətli beynəlxalq qurumlar tərəfindən hüquqi qiymət verilməsini və sərt sanksiyalar tətbiq olunmasını israrla tələb edirik.
Bununla bağlı dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, Birləşmiş Millətlər Təşkilatına və digər mötəbər beynəlxalq qurumlara müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulması məqsədilə qətiyyətli səylər göstərməyə, ikili yanaşmalara son qoymağa və Azərbaycanın haqqlı mövqeyini dəstəkləməyə çağırırıq”.