AMEA-nın gəncləri 2 yaşlı Zəhranın qatillərini pisləyən bəyanat verdi

20:07 - 6 İyul 2017 - Cəmiyyət

Məlum olduğu kimi iyulun 4-də saat 20 radələrində Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini tank əleyhinə minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutmuşdur. Nəticədə iki kənd sakini - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanmışdır. Bu hadisə zamanı 2 yaşı hələ tamam olmamış günahsız körpənin qətlə yetirilməsi faktı terrorizmi dövlət siyasətinə çevirmiş, fəaliyyətlərində beynəlxalq terror şəbəkəsinə və həmin şəbəkənin tanınmış simalarına arxalanan cinayətkar Ermənistan rejimi bütün addımlarında təkcə cəbhə xəttində olan əskər-zabiti yox, əli silahsız, günahsız kənd sakinlərini, qoca və körpə uşaqları əsas hədəfə almışdır. Onlar böyük xarici qüvvələrin köməyi ilə 20 faiz ərazimizi işğal etməklə, 1 milyon insanımızı qaçqına və məcburi köçkünə çevirməklə kifayətlənməyərək Azərbaycan əleyhinə düşmən mövqelərini davam etdirməkdə israrlı olduğunu hər məqamda göstərirlər. Hakimiyyəti qəsb etmiş canilər qrupu illərdir ki, qonşularına qarşı apardığı işğalçı və düşmənçilik siyasəti ilə ölkənin gələcəyinə ciddi təhlükələr yaratmaq, onu uçurma sürükləməklə bərabər, istər siyasi, istər iqtisadi baxımdan öz vətəndaşlarına münasibətdə də eyni qəddar mövqedən çıxış edirlər. 

Bu dəfə də münaqişə zonasına yaxın yerləşən Füzuli rayonunun Alxanlı kəndini daim atəş altında saxlayan işğalçı Ermənistan hərbi birləşmələri uşaqları, qadınları və qocaları davamlı şəkildə qətlə yetirməklə beynəlxalq təşkilatların sülh çağırışlarını qulaqardına vurur və insanlığa qarşı hərbi cinayətlərini davam etdirmiş oldu. Fikrimizcə, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi və beynəlxalq qurumların sülhə məcburetmə təşəbbüslərinin yetərsizliyi bu cür ağır cinayətlərin baş verməsinə gətirib çıxarır.
Azərbaycan gəncliyinin intelektual potensialını özündə birləşdirən, 3 mindən artıq üzvləri olan AMEA Gənc Alim və Mütəxəssislər Şurası bu cinayətkar aktı kəskin pisləməklə, ATƏT-nın Minsk Qrupu, Avropa Şurasını bir daha cinayətkar Ermənistan rejiminə qarşı qətiyyətli olmağa çağırır. Əlləri Qarabağ müharibəsində qana bulaşmış indiki Ermənistan prezidenti Serj Sarkisyan, yaxud onun sələfi Robert Koçaryan, ya da onlarla eyni əqidəni, eyni əxlaqı bölüşən komanda üzvləri dövləti bu cür bandit üsullarla idarə edib və etməkdədirlər. Ermənistan xalqını və regionu, böyük ölçüdə Avropanı və dünyanı bu terrorçu rejimdən xilas etmək üçün ən qəti addımları atmağın vaxtı keçmirmi? Bu rejim daha nə qədər qanlı cinayətlər törətməlidir ki, dünya birliyi, beynəlxalq təşkilatlar sözdə yox, əməldə konkret hərəkətə keçsinlər?!" 
Biz – gənc alim və mütəxəssislər  münaqişənin sülh yolu ilə  həllinə çalışan beynəlxalq təşkilatları, bütün beynəlxalq ictimaiyyəti Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişə zonası ətrafında günahsız uşaqları, qadınları və qocaları qətlə yetirən işğalçı Ermənistan ordusunun bu qanlı cinayətlərinə göz yummamağa, təcili şəkildə təcavüzkarların cəzalandırılması ilə bağlı qətiyyətli tədbirlər görməyə çağırırıq.

Xəbər xətti