Bəyanat dünyanın müxtəlif ölkələrinin dövlət rəhblərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlar və gənclər platformalarına ünvanlanıb
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində cəbhə xəttindəki vəziyyət barədə Azərbaycan vətəndaşlarının qətlə yetirilməsi və yaralanması ilə bağlı bəyanat yayıb.
Bəyanat dünyanın müxtəlif ölkələrinin dövlət rəhblərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlar və gənclər platformalarına göndərilməkdədir. Bəyanatda Azərbaycan gəncləri adından beynəlxalq təşkilatları və dünya ölkələrini sülh və insanlıq naminə erməni silahlı qüvvələrinin törətdiyi qanunsuzluqları, insan haqqlarının pozuntusu faktlarını, suveren dövlətin torpaqlarını işğal altında saxladığını nəzərə alaraq Ermənistana qarşı sanksiyaların tətbiq olunması tələb edilir.
Bəyanatda qeyd olunur ki:
“4 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi ərazisində yaşayan vətəndaşların hədəf alınması və qəsdən hücumları nəticəsində Quliyeva Sahibə (1967-ci il təvəllüdlü) və onun 2 yaşlı nəvəsi qətlə yetirilib.Digər mülki şəxs Quliyeva Sərvinaz (1965-ci il təvəllüdlü) yaralanıb və mülki obyektlərə zərər vurulub.
Erməni silahlı qüvvələrinin bu təxribatlarının nəticəsi olaraq, yaşlı qadının və onun 2 yaşlı nəvəsinin qətlə yetirilməsi, həmçinin, başqa mülki şəxslərin yaralanması və mülki obyektlərin zərər çəkməsi bir terrorizm aktıolaraq qiymətləndiririk.Bu addımlar, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır.
Bəyanata əsasən, Ermənistanın siyasi-hərbi rəhbərliyinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin və beynəlxalq təşkilatların münaqişənin həlli üçün substantiv danışıqlara çağırışlarına mülki şəxslərin qəddar şəkildə öldürülməsi ilə cavabı bir daha onu sübut edir ki, həmsədrlər beynəlxalq hüququn norma və prinsipləri və beynəlxalq təşkilatların qərar və qətnamələrinə uyğun olaraq Ermənistandan öz qoşunlarının tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və işğala əsaslanan status kvonun dəyişdirilməsini tələb etməlidirlər.
Həmçinin, Füzuli rayonunun mərkəzi də daxil olmaqla qərb yarısı Ermənistan Respublikası tərəfindən Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranmış Dağlıq Qarabağ Respublikasında qeyri-qanuni və təcavüzkar rejim tərəfindən idarə olunur. Bütün beynəlxalq ictimaiyyət Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağı ölkənin ayrılmaz hissəsi kimi tanıyır. BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri də işğal faktını təsdiqləyir və münaqişənin sülh yolu ilə həllinin yeganə hüquqi çərçivəsini təşkil edir.
Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir.
Biz, Azərbaycan gəncləri dünyanın müxtəlif ölkələrində yaşayan həmyaşıdlarımıza, hökumət orqanlarına, ictimai təşkilatlara, beynəlxalq qurumlara, kütləvi informasiya vasitələrinə və ədalətin pozulmasına qarşı çıxan bütün gənclərə, bütün bəşəriyyətə müraciət edərək etiraz səsimizə səs verməyə, törədilmiş cinayəti qınamağa çağırırıq.
Biz, Azərbaycan gəncləri beynəlxalq təşkilatları və dünya ölkələrini sülh və insanlıq naminə erməni silahlı qüvvələrinin törətdiyi qanunsuzluqları, insan haqqlarının pozuntusu faktlarını, suveren dövlətin torpaqlarını işğal altında saxladığını nəzərə alaraq Ermənistana qarşı sanksiyaların tətbiq olunmasını tələb edirik!
Gəlin səsimizi zülmə, haqsızlığa və ədalətsizliyə qarşı birgə ucaldaq!”
Qeyd edək ki, eyni zamanda Gənclər Təşkilatları Milli Şurası və ona üzv gənclər təşkilatlarının nümayəndələri tərəfindən törədilmiş cinayət və terror aktı ilə bağlı sosial şəbəkələrdə məlumatlandırma işləri aparılır. Ermənilər tərəfindən mətbuatda və sosial şəbəkələrdə öldürülmüş şəxslərin cəsədlərinin fotoları paylaşılaraq, onlara qarşı nifrət dolu ifadələrdən istifadə olunur. Bu halları nifrət əsaslı cinayət olaraq qiymətləndirərək Milli Şura tərəfindən faktlar toplanaraq Avropa Şurasının Onlayn Nifrət Nitqi ilə Mübarizə Platformasına təqdim olunub.
Gənclər Təşkilatları Milli Şurası və ona üzv gənclər təşkilatları adından həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralanan mülki şəxsin tezliklə şəfa tapmasını diləyirik.