Bakıdakı İçərişəhər Cümə Məscidi dini icmasının sədri Hacı Surxay Məmmədli iyulun 4-də işğal altında olan ərazilərimizdə yerləşmiş təcavüzkar Ermənistan və separatçı “DQR” hərbi birləşmələrinin beynəlxalq hüquq normalarının tələblərini pozan qanlı və vəhşi əməlləri ilə bağlı bəyanat yayıb. Müqəddəs Qurani-Kərimin təkvir surəsinin 9-cu ayəsi ilə başlayan bəyanatda bildirilir:
Bismillahir Rahmənir Rahim!
"Axı o hansı günaha görə öldürüldü?"; soruşulacağı zaman; Əməl dəftərləri açılacağı zaman;
Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman;
Cəhənnəm alovlandırılacağı zaman;
Və Cənnət (möminlərə) yaxınlaşdırılacağı zaman;
Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir!
Tarixlər boyu insanlığa, bəşəriyyətə qarşı qanlı cinayətlər törədən şəxslər son anda Allah Taala tərəfindən cəzalandırılıb. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinlərini öldürmək, yaşayış yerlərini dağıtmaq məqsədilə mina və qumbaraatanlarla atəşə tutaraq növbəti dəfə qanlı təxribata əl atdılar. Cinayətkar Serj Sarqsyan rejimi 1 yaş 8 aylıq Quliyeva Zəhranı, eyni zamanda onun nənəsi - Allahverdiyeva Sahibə İdris qızını qətlə yetirməsi ilə uca Rəbbimiz qarşısında günahları üzərinə daha bir günah yazdılar və onlar axirətdə cəhənnəm atəşində yanmağa məhkumdurlar".
İçərişəhər Cümə Məscidi dini icması baş verən hadisəylə bağlı bəyan edir ki, qaniçən Serj Sarqsyan rejimi bilavasitə beynəlxalq humanitar hüquq normalarının tələblərini kobud surətdə pozaraq, qeyri-insani siyasətinə sadiq qalıb və bir daha sübut olunub ki, onlar heç bir beynəlxalq qanunlara hörmət etmirlər: "Bu kimi ürək ağrıdan hallar tarixlər boyu təkrarlanıb və dinc insanların, qadın, uşaq, qocaların məhvi kimi bağışlanmaz cinayətlərinə görə pisləyir, cinayətkarların haqlı olduqları cəzanı almalarını tələb edirik.
İçərişəhər Cümə Məscidi dini icması bəyan edir ki, dünya birliyi baş verən hadisəyə biganə yanaşmamalı, işğalçı Ermənistanın Azərbaycana qarşı davam etdirdiyi təcavüz və təxribat halları qətiyyətlə pislənilməli, cinayətkarlar öz cəzalarına çatmalı, ölkəmizin haqlı tələbinə ədalətli şəkildə yanaşılmalıdır.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!".
Elmin