"Ermənistan qoşunları atəşkəsi pozmaqla vəziyyəti daim gərgin saxlamağa çalışırlar". Ucnoqta.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib. Nazirliyin rəsmisi xatırladıb ki, ermənilərin açdığı atəş nəticəsində dünən gecə 2 nəfər həyatını itirib, yaralılar xəstəxanaya çatdırılıb, onların həyatı təhlükəsi yoxdur. "Bundan sonra ermənilər Azərbaycan ordusunun dinc əhalidən canlı qalxan kimi istifadə etməsi və guya bizim orada atəş nöqtəmiz olması ilə bağlı dezinformasiya yaymağa çalışırlar. Bu ittihamları, eləcə də Azərbaycan ordusunun ABŞ istehsalı olan silahlardan istifadə etməsiylə bağlı iddiaları rədd edirik", - V.Dərgahlı vurğulayıb.
O bildirib ki, yanvar ayından bəri ermənilər atəşkəs rejimini təxminən 18000 dəfə pozublar. Nazirlik rəsmisinin sözlərinə görə, əsasən minaatanlardan və müxtəlif kalibrli digər iriçaplı silahlardan istifadə olunub.