Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 10 mindən artıq vakant yer çıxarılıb.
Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, müəllimlərin işə qəbulu üzrə elektron ərizə ilə qeydiyyatdan keçənlərin sayı 16 000-dən çoxdur.
Xatırladaq ki, iyulun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb. Bu proses iyulun 14-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçə bilər. İşə qəbul üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilər.
Müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər. Bu il müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan yeniliyə əsasən ötən il keçid balını toplamış namizədlər yenidən qeydiyyatdan keçərək, topladıqları bala uyğun vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin namizədlər cari ildə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.
Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları düzgün doldurmadığı müəyyən edilərsə, onun nəticələri ləğv edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir.