Xəbər verdiyimiz kimi, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının balaca aktrisa-vokalçıları Bolqarıstanın Varna şəhərində keçirilən “Golden Sparkles European Music Festival"ında iştirak edirlər.
Teatrın mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, ölkəmizin üçüncü dəfə təmsil olunduğu bu festivalda studiya fəalları qalib olublar.
Belə ki, İngiltərə, İtaliya, Rusiya, Ukrayna, Belarus, Fransa, Yunanıstan kimi ölkələrdən azyaşlı vokalçı-aktrisaların yarışdığı festivalda təmsilçilərimiz Mehrin və Surin Vəlizadələr və Aylin Nəcəfli festivalın bir və ikinci yerlərini qazanıblar.
Balacaların triosu münsiflər heyəti qarşısında rəqs və musiqinin sintezində Azərbaycanın xalq mahnısı “Sarı gəlin”i ifa edərək yekdilliklə müsabiqənin birincisi seçiliblər. Azərbaycan və ingilis dillərində təqdim olunan mahnını canlı ifa edən balacalar milli geyimlər (modelyer Könül Vəlibəyli) və atributlarla qurmuş olduqları səhnəciklə Azərbaycanın xalq mahnısını ifaçılar müsabiqəsində layiqli şəkildə təqdim etməyə müvəffəq olublar.
Bundan başqa balacalar autizm sindromlu uşaqlara həsr olunmuş “Əlimdən tut” (musiqisi Vüqar Camalzadə, sözləri Cəmilə Allahverdiyeva) adlı ifaları ilə festivalın mahnı nominasiyasında ikinci yerə layiq görülüblər.
6-15 yaş arası uşaqları əhatə edən sənət bayramı barədə təəssüratlarını bölüşən studiyanın uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva milli maraqların önə çəkildiyi bu yarışmada “Sarı gəlin”ə təsadüfən müraciət etmədiklərini və bunun müsabiqə zamanı daha bariz özünü göstərdiyini deyir: “Bilirsiniz ki, digər mədəni nümunələrimiz kimi bu xalq mahnımız da mənfur qonşularımızın təcavüzünə məruz qalaraq özününküləşdirilir. Biz də istər bu mahnıya müraciət, istər onu milli rəqslə müşayiətimizlə, səhnədə qurmuş olduğumuz Qarabağ səhnəciyi ilə orada olan insanlara, elə ermənilərin özlərinə də bu nümunənin xalqımıza məxsusluğunu bir daha isbat etməyə çalışdıq. Çünki o tədbirdə də mənfur qonşularımız aktivlik nümayiş etdirirdilər. Təbii ki, biz istər orada verdiyimiz müsahibələrdə, istərsə də ətrafımızdakı insanlarla söhbətlərimizdə bu barədə haqq səsimizi ucaltmağa çalışdıq. Sevinirəm ki, balacalarımız bu məsuliyyətli missiyanı layiqincə icra edərək bu əzəmətli xalq mahnımızı yüksək səviyyədə təmsil etməyə müvəffəq oldular”.
Festivalın münsiflər heyətində təmsil olunan “Addım” Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadə də balaca aktrisalarımızla qürur duyduğunu və onların ifaçılıq qabiliyyətinin hər kəsi heyran qoyduğunu dilə gətirdi.
Xatırladaq ki, televiziya festivalının təşkilində məqsəd yetişən nəsillər arasında mədəniyyətlərin dialoqunu yaratmaq, dünyanın müxtəlif ölkələrində yaşayan uşaqları bir araya gətirməklə yaradıcılıq mübadiləsinə nail olmaqdır.