Qədim ənənələrə malik peşəkar milli teatrımızın yaranma tarixi, 10 Mart – Azərbaycan Milli Teatr Günü münasibətilə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında bayram tədbiri keçiriləcək. Belə ki, martın 9-da (saat 19.00) teatrda bayram tədbiri baş tutacaq.
Teatrın mətbuat xidmətindən ucnoqta.az-a verilən xəbərə görə, mərasimdə milli peşəkar Azərbaycan teatrının keçdiyi yola nəzər salınacaq, 85 yaşını qeyd edən Azərbaycan Dövlət Kukla Teatrının tarixini əks etdirən videoçarx nümayiş olunacaq. Ardınca tamaşaçılara teatrın repertuarında yer alan əksər tamaşalardan ibarət səhnə çələngi təqdim olunacaq. Bu sırada teatrın klassikasına çevrilmiş “O olmasın, bu olsun”, “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Cırtdan”, “Məlikməmməd”, “Tıq-tıq xanım”, “Karlson”, “Pinokkionun sərgüzəştləri” tamaşaları, eləcə də son illər uğurlu səhnə həyatı ilə yadda qalan “Ağ və qara”, “Qoğal”, “Gözəl və Bədheybət”, “Oyaq gözəl” kimi nümunələrdən hissələr tamaşaçılara təqdim olunacaq. Bununla yanaşı, həmin günü səhnədə teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca istedadları da çıxış edəcəklər.
Teatrın yaradıcı heyətinin teatrsevərlərə hədiyyəsi olan “Açıq qapı” günündə binanın foyesində müxtəlif ölçülü kuklaların sərgisi də baş tutacaq.