Azərbaycan Pakistandan döyüş və təlim təyyarələri alır. Ucnoqta.az azvision.az-a istinadən xəbər verir ki, bu istiqamətdə artıq danışıqlar yekunlaşıb, sənədləşmə işləri aparılır. Proses başa çatdıqdan sonra “JF-17 Thunder” döyüş və “Super Mushshak” təlim təyyarələri Azərbaycana yola salınacaq. “JF-17 Thunder” döyüş təyyarəsi axtarış-xilasetmə və kəşfiyyat əməliyyatlarında istifadə olunur.
Bəs bu təyyarənin üstünlükləri nədən ibarətdir?
“JF-17 Thunder” döyüş təyyarəsi yüngül, birmühərrikli və çoxməqsədli dördüncü nəsil qırıcı-bombardmançıdır. Qırıcı, ilk növbədə, Pakistan Hava Qüvvələrinin təlabatını ödəmək üçün Çin şirkəti tərəfindən hazırlanıb. Bu, hərbi təyyarə ilk dəfə 2006-cı ildə sınaqdan keçirilib. “JF-17 Thunder”in ümumi xüsusiyyətlərinə gəlincə, döyüş təyyarəsi üçün 1 ekipaj üzvü nəzərdə tutulub. Döyüş radiusu 1,352 km olan təyyarə, 3 tondan artıq silah götürmə qabiliyyətinə malikdir.
Döyüş təyyarəsinin qiyməti 15–20 milyon ABŞ dolları arasında dəyişir.
“JF-17 Thunder” digər bir sıra üstünlüklərə də malikdir. Təyyarə “hava-hava”, “hava-yer” raketləri ilə döyüş imkanları və bir çox xüsusiyyətləri ilə öz sinfindən olan digər təyyarələri üstələyir. “JF-17 Thunder”in avionikası, optimal alt sistemləri, avtomatlaşdırılmış uçuş nəzarəti və son model silahlarla təchiz edilməsi bu döyüş təyyarəsinə eyni sinifdən olan rəqiblər üzərində həlledici üstünlük verir. Çeviklik və döyüş qabiliyyəti bu təyyarənin gücünü ortaya çıxarır. Təyyarənin silahlanmasına 70-100 km mənzilə malik idarə olunan raketlər, infraqırmızı başlıqlı qısa mənzilli raketlər, “hava-səth” tipli raketlər, radiolokasiya sistemlərinə qarşı raketlər, lazerlə idarə olunan raketlər, proqramlaşdırılmış kasetli bombalar, nüfuzedici bombalar, ümumi məqsədli bombalar, təlim bombaları daxil edilə bilir. İstifadəçinin istəyindən asılı olaraq döyüş təyyarəsində NATO, Sovet, yaxud Çin istehsalı olan silah sistemlərini tətbiq etmək mümkündür. Təyyarə müasir radioelektron mübarizə sisteminə malikdir.
“Super Mushshak” təlim təyyarəsinin üstün cəhətləri
“Super Mushshak” təlim təyyarəsi bu gün dünyada öz sinfinə aid olanlardan təhlükəsizliyinə, imkanlarına və qiymətinə görə fərqlənir. Uçuş hazırlığı üçün ideal olan bu təlim təyyarəsinin ekipaj üzvü 2-3 nəfər olur. Uzunluğu 7,15 m, təyyarə qanadlarının kənar nöqtələri arasındakı məsafə 8,85 m, hündürlüyü 2,60 m, boş çəkisi 760 kq, maksimal çəki 1,250 kq, maksimal sürəti isə 363 km/saatdır. Bu təlim təyyarəsi hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan hər cür əraziyə eniş edə bilir və təhlükəsizlik standartlarına tam cavab verir. Havada 4-5 saat qala bilmək imkanına malikdir. Bu üstünlüklərinə görə, təyyarədən patrul missiyalarında istifadə edilməsi mümkündür. Təyyarəyə istənilən silahı və kameraları inteqrasiya etmək imkanı mövcuddur. Müasir və təhlükəsiz olan təyyarə ibtidai təlim-tədris proqramının tələblərinə tam uyğundur.