“Cocuq Mərcanlıda səfərdə olan zaman Rusiyanın Azərbaycandakı səfiri Doroxin dedi ki, adətən informasiya işi ilə məşğul olur, kağız üzərində işləyirlər. Bildirdi ki, Cocuq Mərcanlıda dağıntının nə demək olduğunu, kiçik bir kəndin qısa müddətdə necə dağıdıldığını gözləri ilə görüblər”. APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. O bildirib ki, səfirlərin əksəriyyəti öz mövqelərini ifadə ediblər: “Səfirlər gördülər ki, erməni faşizmi nə deməkdir, necə qısa müddətdə bu yerləri darmadağın ediblər. Bu gün dünya artıq Azərbaycan barədə danışır. Əgər Ermənistan əvvəllər informasiya axınında bizi üstələyirdisə, biz onların arxasında qalırdıqsa, son illər hər şey dəyişib. Prezidentin apardığı siyasət nəticəsində artıq Azərbaycan informasiya yayımında öndə gedir, Ermənistan arxamızca çata bilmir və çata bilməyəcək də. Ermənistanın işğalçı siyasəti artıq dünya, o cümlədən himayədarları tərəfindən də qəbul olunmur. Yəqin ki, Ermənistandakı işğalçı rejiminin sonu yaxınlaşır”. Baş nazirin müavini qeyd edib ki, Xocalı soyqırımını tanıyan ölkələrin sayı artır: “Yəqin ki, bu işlər sona çatacaq, Xocalı soyqırımını törədən cəlladlar beynəlxalq məhkəməyə veriləcək, hər bir günahkar öz cəzasını alacaq”.