“İstər separatçı Dağlıq Qarabağ rejimi, istərsə də Ermənistanın Müdafiə Nazirliyi çox çaşqın vəziyyətdədir. Özləri özlərini gülünc vəziyyətə qoyublar. Elan edirlər ki, Azərbaycan Ordusunun artilleriya zərbəsi nəticəsində guya onların 1 əsgəri ölüb”. Ucnoqta.az-ın xəbərinə görə, bunu APA-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.Ü.Cəfərov bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinin ermənilərə çox sərt xəbərdarlıq etməsinə baxmayaraq, onlar yenə də cəbhədə vəziyyəti gərginləşdirməyə davam edirlər: “Cavab addımı kimi düşmənin qərargahı vurulub, ermənilərin itkiləri var. Müdafiə Nazirliyinin bu gün yaydığı videogörüntüdə açıq görünür ki, zərbə dəqiq endirilib. Oradakıların sağ qalma şansı yoxdur. Ermənilər isə itkilərinin olması barədə məlumatı gizlədirlər. Ermənilər üçün itkilərini gizlətmək çox rahatdır. Həm Dağlıq Qarabağ Ermənistan paytaxtından uzaqdır, həm də orada hər hansı video və fotonun yayılmasına icazə verilmir”.
Ü. Cəfərovun sözlərinə görə, ermənilər təmas xəttinin ön sıralarında Suriya, Livan, hətta Rusiya ermənilərinin xidmətindən istifadə edir: “Ermənilər özləri bunu rəsmən etiraf ediblər. Suriyadan qaçıb gələn, iş-gücü olmayanlar ordu sıralarındadır. Müdafiə Nazirliyimiz düşmənlə bağlı ən xırda məlumatlara belə malikdir. Ermənilər bilməlidir ki, fevralda şəhid olan hərbi qulluqçularımızın qanı yerdə qalmayacaq. Bunun ardı gələcək və bu ermənilərə baha başa gələcək”.