Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik və 82 millimetrlik minaatanlardan (cəmi 9 mərmi), həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 129 dəfə pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Noyemberyan rayonunun Voskevan, Şavarşavan, Dovex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Köhnəqışlaq, Quşçu Ayrım, Fərəhli, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Ağbulaq kəndlərində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Sarıcalı, Mərzili, Nəmirli, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Əməliyyat şəraitinə uyğun olaraq Azərbaycan ordusunun bölmələri adekvat cavab tədbirləri görüb.