MTRŞ-dan “FOX TV”-nin bağlanması ilə bağlı AÇIQLAMA

14:03 - 23 Fevral 2017 - MEDİA

Milli Televiziya və Radio Şurası (MTRŞ) Türkiyənin “FOX TV” kanalının Azərbaycanda yayımının dayandırılması ilə bağlı qərar verməyib. Bunu AzVision.az-a MTRŞ-nın sədr müavini Qafar Cəbiyev deyib. O qeyd edib ki, Şuranın “FOX TV”-nin yayımının dayandırılması ilə bağlı qərarı yoxdur. MTRŞ rəsmisinin sözlərinə görə, hər hansı kanalı yayımlayıb-yayımlamamaq operatorların daxili işidir. “Kabel şəbəkələrinə hər hansı kanalı yayımlayıb-yayımlamaq üçün heç kim müdaxilə etmir. Sosial şəbəkələrdə bizim adımızdan yayılan məlumatlar yalandır. Onlar özləri sosial şifarişdən asılı olaraq bu və ya digər kanalı öz paketlərinə daxil edə və yaxud çıxara bilərlər. Bu, onların daxili işləridir”. Qeyd edək ki, kabel şəbəkələri MTRŞ-nın göstərişinə əsasən, FOX Türk kanalının yayımının analoq, rəqəmsal və iptv yayım növlərində dayandırılması haqqında məlumat yayıblar. Məlumatda qeyd edilib ki, FOX Türk kanalı digər bir TV kanal ilə əvəz olunacaq.

Xəbər xətti