Kuklaçılar “Pişiyin evi”ni qurur

14:25 - 22 Fevral 2017 - Mədəniyyət

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir məşhur nağıl nümunəsi səhnə həyatını yaşayacaq. Belə ki, sənət ocağında  məşhur uşaq yazıçısı, dramaturq və tərcüməçisi Samuil Marşakın “Pişiyin evi”  nağılı hazırlanır. 
Teatrın mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, artıq klassikaya çevrilmiş bu ədəbi nümunə martın sonlarında kukla teatrı həvəskarlarının ixtiyarına veriləcək.
Teatrın istedadlı gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan birhissəli uşaqlar üçün tamaşa kuklalarla yanaşı canlı planda aktyor oyunu üzərində qurulur.
Rəngarəng səhnə tərtibatı və müxtəlif konstruksiyalardan kuklalarla hazırlanan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.
Ideyası yalançı dostluğa ikrah, dürüst münasibətə çağırış olan tamaşada uşaqlara lovğalıq, yalançılıq və xüdpəsəndlik kimi mənfi keyfiyyətlərdən qaçmaq aşılanır.
Teatrın aparıcı aktyoru, Respublikanın Əməkdar artisti Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə səhnələşdirilən tamaşada əsas obrazı da məhz yubilyar oynayacaq. Digər rolları isə teatrın aparıcı aktyorları Cəmilə Allahverdiyeva, Cavid Telman, Rəhilə İbadova, Aygül Ağayeva, Samirə Nəcəfova və Vüsal Hüseynov ifa edirlər.

 


Xəbər xətti