Bəzi mağazaların, şadlıq saraylarının, ticarət mərkəzlərinin qarşısında avtomobil saxlamaq üçün yer olmadığına görə, çox zaman həmin obyektlərə gələn müştərilər avtomobillərini yol kənarında saxlayırlar. Bu da avtomobil yolunun hərəkətdə olan hissəsini məhdudlaşdırır, tıxacların əmələ gəlməsinə səbəb olur. Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov "Sputnik"ə açıqlamasında bildirib ki, avtomobil yollarına bitişik ərazilərdə hər hansı iaşə obyektinin tikilməsi də qanunla tənzimlənməlidir: “Tutaq ki, mən restoran tikdim. O restorana minlərlə insan gələcək. Avtomobillərin dayanması üçün şərait yoxdursa, deməli, o obyektin tikilməsi sual altındadır. Düzdür, bu günə qədər bəzən bu kimi vəziyyətlər nəzərə alınmayıb. İndi isə nəzarət güclənib, qanunların icrasına tələbat artıb. Bundan sonra hər hansı bir tikili yola yaxın ərazidə tikilirsə, avtomobillərin saxlanıması üçün yerilərin olması nəzərə alınacaq. Avtomobillərin saxlanması üçün yer yoxdursa, yəqin ki, tikintiyə icazə verilməyəcək”.
V.Əsədovun sözlərinə görə, heç kim mağazanın, obyektin qarşısını zəbt eləyib “bura mənim ərazimdir” deyə bilməz: “Məsələn, bir aptek açılır. Aptek açılırsa, onun qarşısında avtomobil saxlamaq üçün yer yoxdursa, həmin yerdə aptek açılmamalıdır. Yol-qəza hadisələrinin baş verməməsi üçün belə şeylərə diqqət yetirilməlidir. İnkişaf edən ölkələrdə iri alış-veriş mərkəzlərinin xüsusi avtodayanacaqları var. Hal-hazırda əgər ticarət mərkəzinin, şadlıq sarayının qarşısında avtomobil saxlamaq üçün yer yoxdursa, xüsusi nəzarətçilər olmalı və həmin əraziyə nəzarət etməldir ki, gələn müştərilər avtomobillərini yolun hərəkət hissəsində saxlamasınlar. Vətəndaş çıxan zaman onun avtomobilini gətirən bir xidmətçi olmalıdır. Bizdə kim harada istəyir, orada avtomobil saxlayır. Yolun hərəkət hissəsində, səkilərdə heç kim öz manefeyi naminə hərəkətə mane olmamalıdır”.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, Azərbaycan Qanunvericiliyində bu məsələ əvvəllər də olub, indi də var: “Magistral avtonəqliyyat yolları, şəhərdaxili avtonəqliyyat yollarının kənarında tikinti və qurğuların yerləşməsi ilə bağlı standartlar hər zaman olub. Şəhərsalma tikintisi məcəlləsində də bu nəzərdə tutulub, eyni zamanda Nazirlər Kabinetinin ayrı-ayrı qərar və sərəncamları, Arxitektura və Şəhərsalma Komitəsinin təlimatları və s. mövcuddur”. Osmanlı bildirir ki, Azərbaycanda magistral avtomobil yollarının mühafizə zolaqları 30-25 metr müəyyən olunur. Bu məsafə avtomobil yolunun kənarından obyektin yerləşmə hissəsinə qədər olan məsafədir: “Sadəcə, burada qeyri-müəyyənlik var. Bu qeyri-müəyyənliklər ondan ibarətdir ki, Nazirlər Kabinetinin verdiyi sonuncu qərarda magistral avtomobil yolunun kənarından, yəni yolun ortasından iki hissəyə bölündükdən sonra olan məsafə kimi qeyd olunur. Ancaq elə avtomobil yolları var ki, onun ortasına düşən məsafə 15 metrəlik məsafəni əhatə edir”. Osmanlı qeyd edir ki, şəhər və qəsəbədaxili yollarda isə bu məsafə 12,5 metrdir. Sadəcə bu vaxta qədər Bakı şəhərində ətraf qəsəbə və kəndlərdə tikintiyə nəzarət edən, icazə verən qurumlar bu məsələyə diqqət yetirməyiblər. Tikintilərdə bu qaydalar kobud şəkildə pozulub.
Ekspert xatırladıb ki, təqribən iki il bundan əvvəl Nazirlər Kabineti müvafiq İcra Hakimiyyəti orqanlarına mühafizə zolaqlarına düşən tikililərin sayının müəyyənləşdirilməsi ilə bağlı tapşırıq verib: “O dövrdə Dəmiryolu idarəsi, Azəravtoyol, Azərişıq, Azərsu, Azəriqaz və s. bu kimi qurumlar bu işlə ciddi məşğul idi. Mühafizə zolağında yerləşən tikililərin sayını müəyyənləşdirmişdilər. Bu tikililərin sayı 3000-ə qədər idi. Hökümətin planı belə idi ki, həmin tikililər orda yaşayan əhaliyə kompensasiya ödənilməklə geri alınsın və mühafizə zolaqlarına nəzarət gücləndirilsin. Amma sonradan bu məsələ öz aktuallığını itirdi. Çox təəssüflər olsun ki, Bakı şəhərində nəinki ayrı-ayrı kommersiya mərkəzləri, hətta çoxmərtəbəli yaşayış binaları var ki, həmin binaların giriş qapısı birbaşa şəhərdaxili avtomobil yoluna açılır. Eyni zamanda, fərdi yaşayış evləri var ki, dəmir yolu relsinə yaxın məsafədə yerləşir". Mütəxəssis hesab edir ki, avtomobil yolları kənarında yerləşən obyektlərin taleyi ilə bağlı məsələyə yenidən baxılmalıdır.