Babək rayonundakı Toydaş sahəsində mis və molibden yataqları aşkarlanıb. "Report"un məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, yeni yataqların aşkar olunması son illərdə muxtar respublikada geoloji-kəşfiyyat işlərinin həcminin genişləndirilməsi sayəsində mümkün olub. Qeyd edilir ki, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bölgələrdə filiz yataqlarının axtarışı ilə əlaqədar işlər aparılır. Culfa rayonu ərazisindəki Qaraqala su sahəsində 2016-cı ildə axtarış qiymətləndirmə işləri başa çatdırılıb, qum, çınqıl və gil xammalının ilkin geoloji hesabatı tərtib olunub. Əlincəçay hövzəsində də haliyədə tikinti materiallarının axtarışı davam etdirilir.