Azərbaycanda dövriyyədə olan nağd pul kütləsinin həcmi 2017-ci il yanvarın 1-nə 6 960,8 mln. manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, dövriyyədə olan nağd pul kütləsi ardıcıl olaraq 3 aydır artıır. Belə ki, ötən ilin oktyabr ayında artım 96,9 mln. manat və ya 1,56%, noyabrda 41,3 mln. manat və ya 0,66% olub. Dekabr ayında isə artım 628,6 mln. manat və ya 9,9% təşkil edib. Nəticədə, ötən ilin əvvəli ilə müqayisədə nağd pulun həcmi 1 544 mln. manat və ya 28,5% artıb.
Qeyd edək ki, dövriyyədə olan nağd pulların Azərbaycanda maksimal həddi 2014-cü ilin iyulunda (11 144,4 mln. manat) qeydə alınıb. Hazırkı göstərici isə tarixi maksimal həddən 4 183,6 mln. manat və ya 37,5% aşağıdır.
"Report"un analitik qrupu hesab edir ki, AMB hazırkı iqtisadi konyunkturada valyutaya tələb yaradan və əlavə hesab etdiyi nağd pulun bir hissəsini bazardan absorbasiya etməsi və bununla yanaşı qiymətli kağızlar bazarında istiqraz satışı dövriyyədə olan nağd pul kütləsinin azalmasına təsir edəcək.