Azərbaycan Televiziyasının yaranması günü ilə bağlı qeyri-hökumət təşkilatlarının rəhbərləri arasında sorğu keçirilib. QHT rəhbərlərinin Azərbaycan Televiziyası barədə fikirlərini təqdim edirik.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev:
Azərbaycan Televiziyasının salnaməsini vərəqləsək səhifələrində tariximizin izlərini görərik. Son zamanlar AZTV-nin efirini bir-birindən maraqlı, rəngarəng verilişlərin bəzəməsi bu ənənənin bu gün uğurla davam və inkişaf etdirilməsindən xəbər verir. Azərbaycan Televiziyası həm rəsmi xəbərin ilk qaynaqdan çatdırılmasında, ölkənin ictimai-siyasi, sosial həyatının ən aktual problemlərin həllində, eləcə də tariximizin, elmimizin, mədəniyyətimizin, idmanımızın təbliğində, vətəndaşlarımızın maarifləndirilməsində böyük rola malikdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi İctimai Birliyinin sədri Rufiz Qonaqov:
AZTV bizim milli sərvətlərimizdəndir. İlk televiziyamız olan AZ TV ölkəmizin efir məkanı üçün həmdə bir nümunədir. Proqramlar tam müasir standartlara uyğun hazırlanır , reallığı əks etdirir və tamaşaçıların zövqünə uyğun bütün sahələri əks etdirir.
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Vətəndaş cəmiyyəti" jurnalının baş redaktoru Səfər Alışarlı:
AZ TV məktəbdir. Onun öz ənənələri, informasiya yayımına və sənətə münasibətdə klassik mövqeyi var. AZ TV hər zaman dövlətçilik prinsiplərini dəstəkləyib. Son on ildə bu televiziyanın proqram rəngarəngliyini, hadisələrə çevik və hərtərəfli münasibətini, eləcə də keyfiyyətli dalğa yayımını xüsusilə qeyd etmək lazımdır. AZTV-nin veriliş və reportajlarında təsvir və mətn qüsuru tapmaq faktiki olaraq mümkün deyil. Redaktor və rejissor işi mükəmməldir. Bu televiziyadakı bütün başqa proqramlar kimi, hərb-vətənpərvərlik verilişləri də əsasən strateji hədəflərə tuşlanıb. Yayımlanan maarifləndirici proqramlar müasir gəncliyin sağlam ictimai-siyasi tərbiyəsinə, vətənə və dövlətə bağlılıq hislərinin möhkəmləndirilməsinə layiqli töhfələr verir.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri, Mətbuat Şurası İH-nin üzvü Azər Həsrət:
AZTV Azərbaycan dövlətinin ən əsas təbliğat vasitəsidir. Bu TV özünün milliliyilə seçilir. Həmişə dövlət maraqlarından çıxış edib. Efiri rəngarəngdir, operativdir. Bir tamaşaçı olaraq məni qane edir.
Milli QHT Forumunun İdarə Heyətinin üzvü, Vətəndaşların Sosial Rifahı Naminə ictimai birliyin sədri İradə Rizazadə: Hazırda Azərbaycan Televiziyasında rəngarəng mövzularda verilişlər, musiqili-əyləncəli proqramlar, televiziya tamaşaları, sənədli və bədii filmlər nümayiş etdirilir. Bir tamaşaçı kimi mənim zövqümü oxşayır. Azərbaycan Televiziyası bu gün sözün həqiqi mənasında xalqın tribunasıdır.
Abidələri Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov:
AZ TV Mənim üçün fərqli televiziyadır. Bu televiziyada Əxlaqi dəyərlərin qorunması, milli mədəniyyətimizin təbliği gözəl təşkil olunub. Vətənpərvərlik baxımından da verilişlər çox maraqlıdı. Bayağılıq və şou xarakterli verilişlərin olmaması bu televiziyanı mənə sevdirir
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov:
İlk efir yayımçımız olan Azərbaycan Televiziyası olduqca şərəfli bir yol keçmişdir. Bu gün də bu televiziya digər televiziyalar üçün bir məktəb rolunu oynamaqdadır. AZ TV dövlət televiziyası olaraq verilişlərinin ciddiliyini, sanballılığını və fərqliliyini qoruya bilmişdir. Burada bir ənənə mövcuddur və bu ənənə yaxşı mənada bütün televiziyalar üçün bir örnəkdir. AZ TV-də bayağı, yüngül verilişlərə yer yoxdur. Fikirləşirəm ki, dövlət televiziyası belə də olmalıdır. Dövlətin, dövlətçiliyin inkişafına, möhkəmlənməsinə xidmət edən, milli dəyərlərə bağlı məqamları özündə əks etdirən və cəmiyyətin bütün təbəqələrinin zövqünü oxşayan verilişlərlə Aztv dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının evində, ocağında və qəlbində özünə yer edə bilmişdir.
Bələdiyyələrin İnkişafına Yardım İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı:
AZTV digər televiziyalardan çox fərqlənir. Televiziya proqramlarında keyfiyyət, ciddilik, dövlətçilik ruhu yaşayır. Azərbaycan Televiziyasında ana dilində gözəl, səlis və anlaşıqlı danışılır. “İdman Azərbaycan” kanalında yayımlanan bütün proqramlar maraqlıdı. Bu kanal vasitəsi ilə istər ölkə idmanında istərsədə dünya idmanında baş verən yeniliklərlə tanış olur, idman yarışlarına baxa bilirik.
Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı:
Azərbaycan Televiziyası gözümüz önündə inkişaf etdi. Bu televiziyanın uğurları elə bilirəm ki, hər bir vətəndaşın uğurudu. Çünki hər gün evimizin qonağı olan televiziya bizə bütün xəbərləri çatdırır. İnanıram ki, arzusunda olduğumuz Qələbə xəbərinin müjdəçisi məhz Azərbaycan Televiziyası olacaq. Bayramınız mübarək əziz televiziya işçiləri!
İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədri, QHT.az saytının baş redaktoru Cəsarət Hüseynzadə:
Azərbaycan Televiziyasına ailənlə rahat əyləşib baxa bilərsən. Çünki burada mənəvi dəyərlər ön plandadı. Elə televiziyalar var ki, göstərdikləri proqramlarda kanalı dəyişməli olursan, çünki həmin material milli mentallitetimizə uyğun deyil. Bu televiziyanın proqramlarında millilik əsas şərtdi. Gənclərin vətənpərvərlik tərbiyəsində də bu televiziyanın xidməti əvəzsizdir.
Hazırladı: Şəbnəm Rəfaelqızı
Qadın və Cəmiyyət Vətəndaş Maarifçiliyi İB-nin sədri