Azərbaycan neft hasilatının daha da azaldılmasını dəstəkləməyə hazırdır. Bu barədə Trend-in sorğusuna cavab olaraq Energetika Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib:
"Qəbul edilmiş qərarın bazara müsbət təsiri artıq müşahidə edilir. Odur ki, dünya neft bazarında qiymət sabitliyinin təmin edilməsi üçün, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, əgər OPEK və kartelə üzv olmayan ölkələr əlavə həcmdə neftin hasilatının azaldılması barədə qərar qəbul edərsə, Azərbaycan bu qərarı dəstəkləməyə hazırdır. Bildiyiniz kimi, Monitorinq Komitəsinin Küveytdə mart ayında keçiriləcək iclasında qəbul edilmiş qərarın icra vəziyyəti və bazara təsiri təhlil ediləcək".
Bildirilib ki, hasilatın daha da azaldılması ilə bağlı hər hansı təklif irəli sürülsə, Azərbaycanın mövqeyi müsbət olacaq.