Daim repertuarında yeniliklər edən Azərbaycan Dövlət Kukla Teatrının 2017-ci il üçün nəzərdə tutduğu yaradıcılıq planı da zəngindir.
Əsas etibarilə milli və dünya klassik nağıl nümunələrinə yer ayıran teatrda bu dəfə də fərqli və dinamik səhnə yozumunu görəcəyik.
Teatrın mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, belə ki, yaradıcı heyət bu dəfə məşhur rus xalq nağılı “Turp”a müraciət edib. Artıq məşqləri gedən tamaşa daha çox aşağı yaş qrupu tamaşaçılar üçün nəzərdə tutulub.
Klassik xətti qorunub saxlanılan tamaşaya yeni obrazlar artırılmaqla dramaturji baxımdan daha da zənginləşdirilib. Belə ki, biz bu tamaşada nağılda qeyd olunan qəhrəmanlarla yanaşı üç yeni obrazı – Müqəvva, Qarğa və Siçanın atasını – görəcəyik.
Güc birlikdədir ideyasını əsas götürən tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verir.
Vizual elementlər və rəngarəng musiqilərlə zəngin səhnə işinin rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.
Teatrın aparıcı aktyoru, Respublikanın Əməkdar artisti Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə hazırlanan birhissəli uşaq tamaşasında qolçaq kuklalardan istifadə olunur. Əsas oyun xətti hazırlanma texnikasına görə gərdək arxasından olacaq tamaşada Rəhman Rəhmanovla (Baba) yanaşı daha iki canlı plan oyunu nəzərdə tutulur.
Martın əvvəllərində premyerası baş tutacaq tamaşada rolları Cəmilə Allahverdiyeva, Cavid Telman, Aygül Ağayeva, Nərmin Əhmədova, Samirə Nəcəfova, Vüsal Hüseynov, Elnur Əliyev və Firuzə Nəsibli ifa edirlər.