Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Mərkəzi Bankın (AMB) təşkil etdiyi valyuta hərraclarına 2017-ci il ərzində mütəmadi olaraq orta hesabla 35 mln. ABŞ dolları həcmində valyuta kütləsi çıxaracaq. "Report"un analitik qrupu xəbər verir ki, ARDNF tərəfindən il ərzində büdcəyə köçürülməsi nəzərdə tutulan 6,1 mlrd. manat vəsaitin orta illik məzənnəsi 1,75 AZN/USD səviyyəsində nəzərə alınmaqla 3,5 mlrd. dolların satışa çıxarılacağı gözlənilir. Bu da hərraclara aylıq 290 mln. dollara yaxın vəsaitin təklif ediləcəyi deməkdir. Ayda 8 hərracın baş tutacağı diqqətə alınarsa, bu, hər hərraca təxminən 35-36 mln. dollar vəsaitin çıxarılacağını göstərir. Belə ki, hazırda ARDNF-in hərraca çıxardığı vəsait də məhz bu qədərdir.
Analitik qrup Azərbaycanda dolların rəsmi məzənnəsinin 1,65 AZN/USD səviyyəsində qədər gerilədikdən sonra təxminən 1,75 AZN/USD-də sabitləşəcəyini ehtimal edir.