Böyük Britaniyanın İcmalar Palatası krallığın Avropa İttifaqından çıxma prosedurunun qüvvəyə minməsinə dair qanun layihəsini (bill) sonuncu – üçüncü oxunuşda səs çoxluğu ilə qəbul ediblər. "Report" xəbər verir ki, hökumətin daxil etdiyi qanun layihəsinin lehinə 494 deputat, əleyhinə isə 122 deputat səs verib. Qanun layihəsi heç bir düzəliş olmadan, hökumətin təqdim etdiyi şəkildə qəbul olunub. İndi baş nazir Tereza Meyə Avropa İttifaqına dair Lissabon müqaviləsinin 50-ci maddəsindən istifadə etmək hüququ verən bill qanunverici orqanın ali palatası olan Lordlar Palatasının gündəliyinə daxil ediləcək. Palata təqribən fevralın 20-də qanun layihəsinin müzakirəsinə başlayacaq.