Qarışıqlıq yaratmaqda şübhəli bilinən 24 nəfər saxlanılıb - Fransada

11:26 - 8 Fevral 2017 - HADİSƏ

Fransanın paytaxtı Paris yaxınlığındakı Olne-su-Bua şəhərində qarışıqlıq yaratmaqda şübhəli bilinən 24 nəfər saxlanılıb. "Report"un məlumatına görə, bu barədə "AFP" polisdəki mənbəyə istinadən xəbər verib. Məlumatda bildirilir ki, onlar iki restoranın yandırılmasına cəhd göstərməkdə, habelə onlarla avtomobili və zibil yeşiklərini yandırmaqda şübhəli bilinirlər. Qarışıqlıqlar fevralın 6-da başlayıb. Buna səbəb polis əməkdaşlarının ayın 2-də saxladıqları 22 yaşlı gəncə ağır xəsarət yetirmələridir. Asayiş keşikçilərinin gənci dəyənəklə döydükləri, ona qarşı zorakılıq tətbiq etdikləri bildirilir. İnsident müşahidə kameralarına da düşüb. Faktla əlaqədar polis əməkdaşlarından birinə zor tətbiq etməklə bağlı ittiham irəli sürülüb. Ümumilikdə gəncə qarşı zor tətbiq etmiş 4 polis əməkdaşı işdən qovulub. Hadisə zamanı xəsarət almış gənc hələ də xəstəxanada müalicə olunur. Həkimlər onun 2 ay ərzində işləyə bilməyəcəyini bildiriblər.  

Xəbər xətti