"Mənsum kimdir ki, mənim haqqımda danışa?"- VİDEO

15:04 - 7 Fevral 2017 - MAQAZİN

““Bicok”un dal ayağıdır, özüm ölüm” - Xalq artisti

Ucnoqta.az xalq artisti Canəli Əkbərovun “Qafqazinfo”ya müsahibəsini təqdim edir:


- Canəli müəllim, bir sıra xalq artistləri sizinlə bağlı qalmaqallı açıqlama veriblər. Onlar sizi festivalın münsif siyahısında görmək istəmədiklərini söyləyiblər. Yəqin ki, məsələdən xəbərdarsız.
- Bəli, xəbərim olub. Ötən gündən jurnalistlərin əksəriyyəti zəng vurmağa başlayıblar. Siz mənə bir-bir onların fikirlərini oxuyun...


- Mənsum İbrahimov deyir ki, çox qərəzlisiz. Ağzına gələni hər yerdə danışırsız. Söyləyib ki, siz iştirak etsəz, o, layihədə olmayacaq.
- Düşünməzdim ki, onlar mənə qarşı belə bir kampaniyaya start verəcəklər. Mənsum kimdir ki, mənim haqqımda danışa? Bir məsəl var, şaha deyirlər ki, şah sağ olsun, sənin balaca nökərin var. Şah, o nökər səni saymır. Şah da cavab verir ki, görün mən heç onu sayıram? Mənim oğlanlarım yaşda Mənsumdan böyükdür. Onu mən hazırlaşdırmışam. O vaxtlar mən Opera və Balet Teatrında milli operaların bədii rəhbəri idim. Səsvermə yolu ilə seçilmişdim, vəzifəyə elə-belə gəlməmişdim. Rəhmətlik Səfa Qəhrəmanov yanımda idi. Mənsum gəlib qoluma girdi, dedi ki, mənə atalıq et, nə olar. Cavab verdim ki, necə atalıq edim? Söylədi ki, məni Məcnun obrazına hazırlaşdır.
Bu, tək mənim işim deyildi, rəhbərliklə danışmalı idim. O vaxt direktor olan Arif Məlikovla görüşdüm. Direktora dedim ki, Mənsumu “Məcnun” obrazına hazırlamaq istəyirəm. Məlikov söylədi ki, səs imkanları yaxşı deyil. “Xahiş edirəm, bu işə mən əl qatacam”, – deyə direktora müraciət etdim. Axır ki, razılaşdıq, hazırladım. Çox çətin oldu, maneələr çox idi. Arif Babayev isə zarafata salıb məni söyürdü. Mənsum üçün deyirdi ki, “çənəsi əyri gədə”dir. Əhəmiyyət vermədim, hazırladım. O yerə çatdı ki, afişa verilməli idi, ancaq maneə törətməyə başladılar, qarşısını aldım. AzTV-nin sədri Elşad Quliyev var idi, ondan çəkiliş üçün icazə kağızı aldım. Tamaşaya gələn, ərkim çatan cavanlara müraciət etdim, dedim ki, filan səhnələrdə alqışlamağa başlayın, qoyun, tamaşa şux və yüksək əhval-ruhiyyə ilə keçsin. Daha sonra tamaşa istədiyim kimi baş tutdu, Polad Bülbüloğlu o vaxtlar nazir idi. Məni qucaqladı, təşəkkürünü bildirdi. İndi isə hər şey dəyişdi. Mənsum bir balaca parlayan kimi dəyişdi. Məni söyən Arif Babayev isə dedi ki, mən teatrdan getdim, yerimi Mənsuma verdim. Dedim ki, Arif, yerin varsa, mənə də ver! Teatrda belə şeylər olub. Mənsumun çayını belə içməmişəm. Ancaq o, evimin içini görüb, öz yerimə toylara göndərmişəm. Sizə bir məsələ barədə danışım. Əbülfəz Elçibəy dövründə cavanları hərbiyə aparırdılar. Mənim oğlumu da gecəylə həyətdən götürüb Şəmkirə aparmışdılar. Bəli, Mənsumu da aparmaq istəyirdilər. O vaxtlar teatrın direktoru dedi ki, onun güclü qohum-əqrəbaları var. Özü də Mənsum Ermənistanın Sisian rayonundandır, daha sonra Laçına, ordanda Ağdamın Soltanbut kəndinə köçüblər. Qarabağlı oldu, indi də Qarabağ kartından istifadə edir. Qohumları əl-ayağa düşmüşdü, teatra gəldilər ki, məktub alsınlar. Belə bir şey yazdırdılar ki, əgər Mənsum hərbiyə getsə, teatr batar! Həmin vaxt Məcnun 9-cu mikrarayonda, bacısının evində gizlənirdi. Mənsum kağızı əlinə aldı, bildi ki, bunu aparmayacaqlar. Başladı Qarabağla bağlı fikirlər səsləndirməyə, dili açıldı. İndi sizə qurban, o kimdi? Mənsumla bağlı balaca bir arayışı sizə təqdim etdim. “Bicok”un dal ayağıdır, özüm ölüm. Onu analiz etmək üçün xüsusi laboratoriya lazımdır. O kimdir ki, mənim haqqımda danışa?


-Səkinə xanım da sizinlə bağlı açıqlama verib. Xalq artisti bildirib ki, indiki münsiflər bir –birini tamamlayır, o adam sağlam bir iş ortaya çıxarmayacaq.
- Səkinəni Leyliyə hazırlayan, işə qəbul edən mən olmuşam. Buna baxın... 14 nəvə və 14 nəticə sahibiyəm, görün Canəli Əkbərov haqqında kimlər nə deyir? “Mənsumə İbrahimova”... Oxuyanda qadınlar kimi hərəkətlər edir. Görün, mən kimlərin təsirində olmuşam. Muğam ustadları ağayana oturardılar. Bunlara qısqanclıq hardan gəlir? Nadir Axundov var, keçmiş MTN naziri Eldar Mahmudovun əmisi qızının əridir. Onun hesabına artdı, indi isə mənlə düşməndir. Xalq artistlərini öyrədən Nadir Axundovdur. Mənə heç nə edə bilməzlər. Belə addım atırlar ki, muğam müsabiqəsindən uzaqlaşım, xalqın gözündə zəif bir mövqeyə enim.

 

-Arif Babayev söyləyib ki, Canəli bizim düşmənimiz deyil, amma o, bizim işimizə problem yaradır. Deyib ki, sizi başqa müsabiqələrdə də görüb və daim problem yaratdığınızı iddia edib. Açıqlamada “Nə qədər ona dərs keçəsən? Nə qədər deyəsən ki, bu, belə yox, başqa cürdür?”,- kimi cümlələr işlədib.
- Dərs keçəcək?(Gülür). Onun özünə dərs keçən lazımdır. Sənin dərsə ehtiyacın var, ay bədbəxt! Mən iki dəfə Səmərqənd Sinfoziumunda (1978-1983) beynəlxalq muğam üzrə qalib olmuşam. Daha sonra 1989-cu ildə İsveçdə beynəlxalq festivalın qalibi elan edilmişəm. And içirəm, hacı adamam, yalan danışmıram. Səmərqənd Sinfoziumundan sonra 1984-cü ildə bizi Gəncəyə göndərdilər. Zeynəb Xanlarova ilə tamaşada rol oynadıq. Mənə zəng gəldi, keçmiş nazir Zakir Bağırovun müavini Ziyadov söylədi ki, tamaşa bitən kimi Bakıya gəl. Gəldim, görüşdə dedilər ki, YUNESKO-dan məktub gəlib, dedi ki, onlar səni 5 kapitalist ölkəsinə konsertə göndərirlər. Proqramını qur, paltarlarını hazırlatdır. İşin yarısında mənə xəbər çatdı ki, Arif Babayev mənim “polya”ma girib. Məni “vurmaq” istədilər. Əziyyətlə hazırlaşdım, daha sonra Azər müəllimə dedim ki, belə şey eşitmişəm. Söylədi ki, ola bilməz. Nazirin qəbuluna getdim, görüşdük. “Sən narahat olma, konsertə sən gedəcəksən”,- deyə nazir söylədi. Konsertə 10 gün qalmış xəbər gəldi ki, iş şişib. Daha sonra Moskvaya getmişdim. Dostumuzun sayəsində SSRİ Mədəniyyət Nazirliyinə getdim. Onlarla tanış olduq, bir məktub çıxardı. Məktubda yazılıb ki, Canəli Əkbərov xəstədir, onu Arif Babayevlə əvəz edin. Görün, başıma nə oyunlar açıblar, hələ də danışırlar. Məni səliqəylə “vurdular”. Tikdirdiyim kostyum belə evdədir, hərdən baxıram. Nazirliyə deyirdilər ki, muğam qarabağlılarındır, niyə konsert səfərinə talışı göndərirsiz? Belə də oldu, Arifi göndərdilər. İndi Arif kimdir? O kimdir ki, mənə dərs desin? Eqoist və şovinist adamdır. Meydanda olmağım ona təsir edir, mənim tayım deyil. Oxuduğum muğamları ifa etsə, adımı dəyişdirirəm.


- Əlibaba Məmmədov deyib ki, Canəli orada varsa, mən yoxam. Münasibətləriniz onunla da yaxşı deyil?
-Əlibaba yox, Əlibobbi! (Gülür). Fikir verin, bir adam ki, uzunmüddət bir arada yaşadığı arvadını boşasın... Əvvəl Əzizbəyov heykəlinin yanında ev vermişdilər. Daha sonra Əlibaba 8-ci mikrarayonda özünə bir otaqlı ev aldı, özü tək yaşadı. Arvadı tək qalıb öldü, xəstələndi. Hamı yasa getdi, Əlibaba əlində balaca əl çantası ilə gəldi. Ağladı, dedi ki, məni tək qoyma! Camaat necə yasa gəldisə, o da elə! Məqam gəlib yetişdi ki, Əlibaba ağır xəstələndi. İlham Əliyev yenicə Nazirlər Sovetinin sədri seçilmişdi. Tanınmış şəxslərin dilindən Əliyev cənablarına məktub yazdım. Onda Əli İnsanov Səhiyyə naziri idi. Çox təsirli sözlərdən istifadə etmişdim. İki gündən sonra məlum oldu ki, İnsanov böyük qrup yaratdı, müalicəni öz üzərlərinə götürdü. Hər gün Əlibabanın yanına gedirdim. Bir gün evlərinə getmişdim, bir tələbəsi var idi. O qız məni görüb şüvən qopardı. Dedi ki, böyük qızı Zemfira və kürəkəni Əsəd gəlib, Əlibabaya deyiblər ki, biz səni daha tanımırıq. Tələbə deyir ki, pul ödəməli idik, ortada qalmışıq. Bir neçə gün sonra xəstəxanadan evinə apardıq. Həyat yoldaşım bazarlıq etdi, onu da götürüb onlara getdim. Həmin qız və bacısı orada idi. Əlibaba ağlamağa başladı, dedi ki, bacı, demişəm, deyəcəm də... Bu kişi mənim arxam və dayağımdır. Yalan danışıramsa, Allah mənə qənim olsun. Diqqətlə baxın, Əlibaba tatar mollasına oxşayır. İndi sizə qurban, bunların hamısı qurma işlərdir. Onlar Nadirin xoşuna gəlmək üçün belə edirlər. Nadir Axundovun muğamdan xəbəri yoxdur.

 

-Nadir Axundov sizinlə ədavət aparır?
-Hə, illər əvvəl Space TV-də çalışırdı. Əvvəl AzTV-də çalışırdı, yeni gələn rəhbərlik onu qovdu. Daha sonra Space TV-də işləməyə başladı. Onunla görüşdük, dedi ki, Muğam müsabiqəsi yaratmaq istəyirik, jüri olmağını istəyirəm. Evə gəldim, böyük qızım dedi ki, muğam müsabiqəsində nə əcəb yox idin? Sujet veriblər, yarışmada münsif olacaq şəxslərin adı açıqlanmışdı. O vaxtdan bu günə kimi aramızda intriqa yaranıb. Hələ soyumayıb, soyumayacaq. Mən kimə nə etmişəm?


- Sərdar Fərəcov deyir ki, həmişə həmkarları haqqında mənfi fikirlər səsləndirir, inciyirik.
- Sərdar Fərəcov Azərbaycan muğamının inkişafı üçün nə edib? O həmkarlarım barədə mənfi fikirlər səsləndirdiyimi harda görüb? 30 il mikrafonsuz toylarda, konsertlərdə əsərlər səsləndirmişəm. Bəs onlar nə edib? Mən onların sözlərinə qarşı susmalıyam? Körpə uşağam? Mən o şəxslərə heç nə demirəm. Mənlə kəsdiyi çörəyə görə ayıb olsun. Arif Babayevlə atamın yurdunda bir oturmuşuq, çörək kəsmişik. Allah canlarını sağ eləsin. Onların dedikləri ilə mənə nə olacaq? Məni hamı tanıyır, böyük ailənin, elin ağsaqqalıyam.

Xəbər xətti