Son vaxtların aktiv milli kino bazarına daha bir yeni nümunə daxil olur. Belə ki, yazıçı Səidə Haqverdiyeva müəllifi olduğu “Qara qızın qara bəxti” hekayəsinin motivləri əsasında “Ər quyusu” adlı filmi ekranlaşdıraraq geniş tamaşaçı auditoriyasına təqdim edir. Film 15 fevral (saat 19.00) tarixindən etibarən Nizami Kino Mərkəzində nümayişə başlayacaq.
Ailə-məişət mövzusunda çəkilən tammetrajlı bədii filmin quruluşçu rejissoru və ssenari müəllifi Səidə Haqverdiyeva, quruluşçu operatoru Rəşad Qarayev, bəstəkarı Vüqar Camalzadə, quruluşçu rəssamı İqbal Əliyev, rejissoru Jalə Rəhimli, operatoru Elvin Mustafayev, rəssamı Cavid Hüseynov, geyim üzrə rəssamı Əfşan Əsədovadır. Ekran işinin səs operatoru Kamal Qarabasma, səs rejissoru isə Anar Quliyevdir.
Komik hadisələrlə zəngin filmdə əsas rolları Əməkdar artistlər Sevinc Sarıyeva, Aybəniz Bağırova, Ülviyyə Əliyeva, Məhərrəm Qurbanov, Cavid Telman, Rəsmiyyə Nurməmmədova, Könül Şahbazova, Elnur Əliyev, Elxan İsmayılov, Zemfira Əbdülsəmədova, Hüsniyyə Əhmədova, Vüsal Hüseynov və Gülnarə Abdullayeva ifa edirlər.
90-cı illərin həyat tərzi və münasibətlərinin qabardıldığı filmdə əsas motiv kimi qızların ərə getməməsi və ailələrdə sırf bu səbəbdən qabaran mənəvi-psixoloji problemlər ön plana çəkilib. Belə ki, yaradıcı heyət 6 qızı olan və sadəcə oğul övladı dünyaya gətirmək üçün ümidini falçılara bağlayan ananın, həmçinin qızlarının ərə getməməsinə görə həmkəndlilərinin məsxərə obyektinə çevrilən atanın və bütün bunların fonunda “evdəqalmış” damğası alan qızların dramını sarkazmla ekrana köçürüb.
Tamaşaçı filmdə həm yaxın keçmişə səyahət edəcək, həm də özünün aktuallığını qoruyan qızların ərə getməmək məsələsini fərqli baxış bucaqlarından gülərək və düşünərək izləyəcək.
Xronometrajı 95 dəqiqə olan filmin çəkilişləri Tərtər, Cəlilabad, Şamaxı, eləcə də Bakıda aparılib.