Əmlak Məsələləri Dövlət Komitəsi fevral ayının ilk hərracını keçirib. Keçirilən hərracda özəlləşdirilən kiçik dövlət müəssisələrində 3-ü müvafiq olaraq paytaxtın Xətai, Xəzər və Qaradağ rayonlarında yerləşir. Hərrac zamanı ən yüksək qiymətə özəlləşdirilən əmlak Xətai rayonunda yerləşən “Araz kafe”si olub. Belə ki, adıçəkilən əmlak 120 min manata özəlləşdirilib. Regionlarda özəlləşdirilən əmlaklar Şəki şəhəri və Daşkəsən rayonunda yerləşən kiçik dövlət müəssisə və obyektləridir. Hərracların gedişatı böyük monitorlar vasitəsilə izlənilib.
Hərracın sonunda hərrac iştirakçıları və müşahidəçiləri arasında vətəndaş məmnunluğu sorğusu keçirilib. Sorğu zamanı iştirakçıların hərraclardan razılığı, hərrac proseduru, hərracın gedişatı, hərrac barədə ictimai məlumatlandırma ilə bağlı fikir və rəyləri öyrənilib. Sorğu nəticəsinə əsasən vətəndaşlar bildiriblər ki, hərracda iştirak üçün müraciət proseduru sadədir. Hərrac barədə məlumatı həm komitənin özəlləşdirmə portalı və saytından, həm də KİV-dən tez və rahat əldə edə bilirlər. Hərrac prosesi şəffaf keçir, həmçinin əmlaka sifariş verməsələr də belə, yalnız müşahidə məqsədilə gəlib rahat iştirak edirlər.
Qeyd edək ki, keçirilən hərracların görüntüləri ilə komitənin rəsmi youtube kanalında (https://goo.gl/OpYdB1) daha yaxından tanış olmaq olar.
Növbəti belə bir hərrac 14 fevral tarixində keçiriləcək.