Mərhum aktrisa yad edilib

14:18 - 6 Fevral 2017 - Mədəniyyət

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti tanınmış teatr və kino  aktrisası, Xalq artisti, “Şöhrət” ordenli Firəngiz Şərifovanın anadan olmasının 93-cü ildönümü münasibətilə Fəxri Xiyabanda olub. Teatrın mətbuat xidmətindən ucnoqta.az-a verilən məlumata görə, sənət dostları aktrisanın məzarını ziyarət edərək gül dəstələri qoyublar. 
Teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov çıxış edərək Firəngiz Şərifovanın ifa etdiyi obrazlar, geniş yaradıcılıq potensialı, hər obraza xüsusi yanaşma tərzi, canlandırdığı obrazı özününküləşdirmək bacarığından danışıb. 

Məlumat üçün bildirək ki,  Firəngiz Abbasmirzə qızı Şərifova 6 fevral 1924-cü ildə Azərbaycan Teatr sənətinin korifey sənətkarları Abbasmirzə Şərifzadə və Mərziyə Davudovanın ailəsində doğulub. 
1941-ci ildə yaxın ailə dostu Üzeyir bəy Hacıbəyovun məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil olaraq beş il konservatoriya təhsili alıb. Dramaturq Cəfər Cabbarlının təkidi və atası Abbasmirzənin razılığı ilə səhnədə səkkiz yaşında "Oqtay Eloğlu"nda Sevər və bir az sonra "Sevil"də Gündüz rollarında çıxış edib. 1947-ci ilin əvvəllərində Cəlil Məmmədquluzadə adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına qəbul olunmuş, lakin iki il sonra  teatr məcburi özünümaliyyələşdirmə iş üsulüna keçirildiyinə görə müvəqqəti olaraq bağlanıb. Firəngiz xanım Xalq Maarif komissarlığı İncəsənət İşləri İdarəsinin (bugünkü Mədəniyyət Nazirliyi) sərəncamına əsasən köçürmə yolu ilə Gənc Tamaşaçılar Teatrının truppasında aktyor işləməyə başlamış və tezliklə teatrın aparıcı aktrisalarından biri olub. 
Aktrisa 1965-ci ildə yenidən Gənc Tamaşaçılar Teatrına qayıdaraq 2011-ci ilin sentyabr ayının 1-ə qədər - öz xahişi ilə işdən azad edildiyi tarixə qədər ona doğma olan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb.
Firəngiz Abbasmirzə qızı Şərifova uzun sürən xəstəlikdən sonra 20 fevral 2014-cü il tarixində vəfat edib. 

 

 

                                                                                  

Xəbər xətti